"Ermənistan bu məsələdən boyun qaçırır" - Tofiq Zülfüqarov

 17:08 03.11.2021     606

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı nazirlər üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər. Bundan bir gün öncə Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında da eyni mövzuda telefon danışığı olub.

Bəs görəsən, XİN rəhbərləri səviyyəsində aparılan bu danışıqların hansı nəticələri ola bilər? Zəngəzur dəhlizi haqda konkret razılaşma əldə oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Zülfüqarov bildirib ki, 10 noyabr bəyanatında bir-biri ilə bağlılığı olan iki əsas mövzu var:

"Bunlar tərəflərin bir-birinin ərazi bütövlüyünün tanıması və dəhlizlərin açılması mövzularıdır. Ərazi bütövlüyünü tanımaq məsələsi təkcə sərhədlərin tanınması ilə məhdudlaşmır. Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birinin suverenliyini və hüquqlarını tanımalıdır.  Bu o deməkdir ki, Ermənistan daha əvvəl olduğu kimi Qarabağa Azərbaycanın icazəsi olmadan öz rəsmi nümayəndəsini göndərə bilməz. Bu ərazidə Ermənistan silahlı qüvvələrinə aid silahlar və rəsmi şəxslər ola bilməz. Həmçinin, Azərbaycan da təbii ki, qarşılıqlı şəkildə Ermənistanın ərazisi ilə bağlı eyni öhdəliyi götürməlidir. Lakin belə görünür ki, Ermənistan bu məsələdən boyun qaçırır. Digər vacib məqam isə dəhliz məsələsidir. Lakin hələlik Laçın və Zəngəzur dəhlizi ilə bağlı məsələlərin icrası öz həllini tapmayıb”.

Şəbnəm Mehdizadə