"Azərbaycan Vaşinqtonla Brüsselin Cənubi Qafqaza müdaxiləsini arzulamır" - AÇIQLAMA

 23:03 03.11.2021     343

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə ölkəsinin Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması”nın (“3+3”) yaradılması ideyasını dəstəklədiyini bir daha bəyan edib.

“Əlbəttə, hesab edirik ki, bu planı praktik müstəviyə keçirməyin vaxtı gəlib çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu əməkdaşlıq formatında nəzərdə tutulan bütün iştirakçıların maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxmasına kömək edər. Məsələlər çoxdur. Bu əməkdaşlıq formatı həm köhnə problemlərin, həm də yeni çağırışların həllinə kömək edə bilər və etməlidir”, - deyə Rusiya XİN sözçüsü bildirib.

Redaktor.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Mariya Zaxarovanın açıqlamasını müsbət qiymətləndirsə də, bununla belə Rusiyanın Ermənistana təzyiq göstərməsinin vacib olduğunu qeyd edib.

"Bəs onda Moskva İrəvanı niyə tələsdirmir? “Altılıq” formatı ona görə Rusiyanın maraqlarına cavab verir ki, regional məsələlərə ABŞ və Avropa İttifaqı qarışmasın. Elə biz də Vaşinqtonla Brüsselin Cənubi Qafqaza müdaxiləsini arzulamırıq. Müharibə dövründə verdikləri açıqlamaları unutmamışıq. Buna baxmayaraq, əgər Kreml “altılılıq formatı”nın reallaşmasını istəyirsə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını təmin etməlidir. Bu olmadan “altılıq formatı” işləməyəcək", - deyə politoloq bildirib.