Boris Consonun Azərbaycanla bağlı çıxışına REAKSİYA: "Britaniya bizim haqq işimizə dəstək oldu"

 16:01 04.11.2021     692

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində oxunan müraciətində bildirib ki, növbəti il Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd ediləcək.

O deyib ki, hazırda iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir: "Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Baş nazir həmçinin, qeyd edib ki, iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”.

Qeyd edək ki, bu, Baş nazir Boris Consonun Britaniya-Azərbaycan münasibətləri barədə ilk açıqlamasıdır. 

Böyük Britaniyanın hökumət rəhbərinin çıxışını Redaktor.az-a şərh edən politoloq Qabil hüseynli bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında çox yanlış addım atıldı:

“Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı ilə BMT Təhlükəsizlik Şurasının uydurma qərarı hazırlanmışdı. Guya müharibə dövründə biz mülki əhaliyə qarşı zorakılıq tətbiq edirik və buna görə də Azərbaycana qarşı məhdudlaşdırıcı addımların atılması ilə bağlı xüsusi qətnamə layihəsi hazırlanmışdı. Məhz Britaniyanın öz hüququndan istifadə edərək bu əsassız və başdan ayağa böhtandan ibarət olan qətnaməyə veto qoyması nəticəsində bu qərar qəbul edilmədi. Boris Conson o dövrdə Azərbaycanın öz torpaqlarının işğaldan azad etməsini öz hüququ kimi səciyyələndirməklə yanaşı Ermənistanı vaxtaşırı tənqid etdi. Bu yaxınlarda Boris Conson ermənilərin müxtəlif yerlərə etdiyi şikayətləri dayandırmasının Ermənistan üçün xeyri ola biləcəyini açıqlayıb. Vətən müharibəsi dövründə yalnız Qoşulmama Hərəkatının üzvləri və Böyük Britaniya bizim haqq işimizə dəstək oldu. Bu gün onlar öz dəstəyini bizdən yenə əsirgəmir”.  

Politoloq bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında normal münasibətlər bərqərar olub:

“Böyük Britaniyanın şirkətləri, xüsusilə BP neft-qaz hasilatı ilə hər iki ölkə üçün xeyirli işlər görür. Bundan başqa iki ölkə arasında ticarət əlaqələri getdikcə daha da inkişaf etdirirlir. Müxtəlif istiqamətlərdə Böyük Britaniya ilə münasibətlərimiz yüksələn xətt üzrə gələcəkdə daha da yüksək səviyyəyə çatıdırlacaq”.

Şəbnəm Mehdizadə