Ceyhun Bayramov İran maşınlarından danışdı

 15:53 04.11.2021     85

“Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam etmişdi”.

Redaktor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilmiş, həmin sürücülər saxlanılmış, maşınlar müsadirə edilmişdi: “Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu.

İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilmişdi”.

XİN başçısı qeyd edib ki, bu, Azərbaycan ərazilərinə yalnız qanuni giriş-çıxış məntəqələri vasitəsi ilə maşınların giriş-çıxışına icazə verilməsi, qanuni yollarla olmadan hər hansı ticarət müqavilələrinin bağlanmaması istiqamətində bir açıqlama olub: “Eyni zamanda Azərbaycan tərəfindən humanist addım atılaraq, həmin 2 sürücü və nəqliyyat vasitələri də İran tərəfində verilmişdi. İstənilən iki ölkə arasında hansısa məsələlərlə bağlı fikri ayrılıqları ola bilər. Azərbaycan hər zaman bu məsələlərin dialoq, qarşılıqlı münasibət, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək. İran tərəfindən də son həftələr ərzində bu istiqamətdə müsbət mesajlar səsləndirilib. Biz həmin mesajları da müsbət qarşılayırıq. Bizim məqsədimiz də məhz odur ki, İran dövləti ilə münasibətlərimiz keçmişdə olduğu kimi, müsbət müstəvidə inkişaf etsin”.