"BMT öz funksiyalarını yerinə yetirə bilmir" - Musa Qasımlı

 10:34 05.11.2021     937

Xəbər verdiyimiz kimi, ötən gün VIII Qlobal Bakı Forumunda Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırkı çağırışlara cavab vermədiyi barədə fikirlər səsləndirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa da bildirib ki, BMT yenidən formalaşdırılmalıdır və qurum üzv dövlətlərin çağırışına cavab verməlidir.

Bəs görəsən, BMT yenidən formalaşdırıla bilərmi? Həmçinin, belə olan təqdirdə BMT-nin Təhlükəsizlik Şurasına Türkiyə daimi üzv ölkə kimi qəbul oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, BMT-də islahatların aparılması zərurəti barədə çox danışılır:

“Hələ 2003-cü ildə Baş nazir olaraq BMT-də nitq söyləyən İlham Əliyev təşkilatda islahatların aparılmasının vacibliyini bildirmişdi. Sonralar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “dünya beşdən böyükdür” dedi. İndi də digər siyasətçilər, dövlət və  ictimai xadimlər fikirlərini bildirirlər. Faktdır ki, BMT öz funksiyalarını səmərəli yerinə yetirə bilmir, qəbul edilən sənədlər bəzən kağız üzərində qalır. İslahatların aparılıb-aparılmamasını və hansı dövlətlərin necə rol alacağını zaman göstərəcək”.

Şəbnəm Mehdizadə