Milli Məclis Amnistiya Aktını təsdiqlədi

 13:19 05.11.2021     103

Milli Məclis 8 Noyabr – Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, qanun layihəsinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumların müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi təklif olunur:

Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər;

- bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin və ya həlak olmuş şəxslərin yaxın qohumları;

- Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- 1948-ci, 1953-cü və 1988-ci və 1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya edilmiş şəxslər;

- 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər;

- 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid şəxslərin yaxın qohumları;

- Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də keçmiş SSRİ-nin silahlı qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər, həmçinin, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər;

Keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları:

- Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

- qadınlar;

- cinayət törədərkən yaşı 18-ə çatmamış şəxslər;

- bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;

- bu qərar qüvvəyə mindiyi günədək I və II dərəcə əlilliyi olan şəxslər;

- öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı yaxud I və II dərəcə əlil övladı olan şəxslər o cümlədən qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.

Eyni zamanda, aşağıdakı məhkumlar cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad ediləcəklər:

- böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslər;

- həmin şəxslərdən başqa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər;

- yuxarıda qeyd olunan şəxslərdən başqa ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan şəxslər;

- az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər;

- böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;

- böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;

- hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;

- islah işləri növündə cəza təyin edilmiş şəxslər;

- ictimai işlər növündə cəza təyin edilmiş şəxslər;

- əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər;

- böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi 2000 manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənillməmiş hissəsi 2000 manatdan artıq olmayan şəxslər;

- böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər;

- azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.

Bundan başqa, aşağıdakı məhkumlar cəzaların çəkilməmiş hissəsini çəkməkdən azad ediləcəklər:

- intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;

- azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.

Layihədə 3 ildən artıq müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılacaq.

Böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda çəkilməmiş cəza 1 il azaldılacaq.

Bu qərar əsasında əsas cəzasını çəkməkdən azad edilən şəxslər əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə cəzasını çəkməkdən azad ediləcəklər. Eyni zamanda əsas və əlavə cəzanı çəkməkdən azad edilən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürüləcək.

Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanmış cinayət işlərinə isə xitam veriləcək.

Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.

Cəzaçəkmə müəssisələri, təhqiqat və ya ibtidai istintaq orqanları bu Qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.

Qərar qəbul edilən gündən qüvvəyə minir.