"Artıq 8 yaşınız tamam olub, məktəbə gedə bilərsiniz" - Deputat Heydər Əliyevin sözlərini xatırlatdı

 11:26 06.11.2021     1042

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək ərazilərini işğaldan azad etdi və Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Belə olan təqdirdə vaxtilə münaqişənin nizamlanması üçün üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmır. Lakin Minsk qrupu ləğv edilmək əvəzinə, əksinə həmsədr ölkələrdən olan Fransa quruma yeni diplomatını təyin edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Minsk qrupunun varlığı üçün hazırda regional təhlükəsizlik problemi mövcud deyil:

“Minsk qrupunun hazırki vəziyyətini tarxidə müxtəlif hadisələrə bənzətmək olar. Bu Qorbaçovun keçmiş SSRİ-nin prezidenti olmaq istəyi kimi cəfəngiyyata bənzəyir. Qorbaçov baş katib idi və guya apardığı islahatlar imperiyanın daxili həyatını köklü dəyişəcəkdi. Sonda məlum oldu ki, iplər qopur və birlik dağılır. Bu qurum öz varlığını qoruyub saxlamaq istəyirdisə, Dağlıq Qarabağ probleminin həllində real addımlar ata bilərdi. İlham Əliyev müharibədən sonra dəfələrlə bəyan edib ki, danışıqlar heç bir nəticə verməyəcəkdi. Münaqişənin bütün konfidensial tərəflərinə bələd olan Ali Baş Komandan  kimi o dəfələrlə bildirib ki, proseslər xarici güclərin bölgədəki maraqlarına xidmət edirdi. Çünki Qarabağın işğalı həmin dairələr üçün sərfəli idi. İndiki halda Rusiya və Türkiyə Minsk qrupu formatının qeyri-işlək olduğunu göstərən yeni geopolitik oyunçu kimi prosesə qoşulub. Digər tərəfdən Fransanın müharibə dövründəki davranışları hamıya məlum oldu. Makronun dili ilə ölkəmiz hədələnirdi. Senat yığılıb Qarabağın müstəqilliyini tanıdı, Türkiyə əleyhinə müxtəlif qərarlar qəbul olundu”.

Deputat qeyd edib ki, Minsk qrupu əvəzinə daha işlək formatlar müəyən edilməlidir:

“Hazırda Minsk qrupu öz təyinatını harada və hansı məsələdə görür? Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyini bəyan edib və qarşı tərəfə sülh təklifi verir. Biz İrəvanın mərkəzinə "Bayraktar"lar yeridəcəyini söyləmirik, "Harop"larla Zəngəzur dəhlizində hərbi əməliyyat aparmırıq. Minsk qrupu ora gəlib nə demək istəyir? Vaxtilə ulu öndər Heydər Əliyev Minsk qrupunun nümayəndələrini qəbul edərkən bildirmişdi ki, artıq 8 yaşınız tamam olub, məktəbə gedə bilərsiniz, amma çalışın 18 yaşı tamam etməyə meylli olmayın. Əslində onlar bizim Minsk qrupunun 100 illiyini qeyd etməyimizi istəyirmişlər. Minlərlə diplomat Qarabağ hadisəsi üzərindən karyera qururdu. Bu nə qədər davam edə bilərdi? Hesab edirəm ki, Minsk qrupu əvəzinə daha işlək formatlar müəyən edilməlidir. Bu fikir Rusiya tərəfindən qəbul olunur. Türkiyənin də aktiv iştirak etdiyi format işə düşdükdən və sülh müqaviləsi gerçəkləşdikdən sonra Minsk qrupunun faktiki olaraq buraxılmasının rəsmiləşdiriilməsi kimi hadisə olacaq”.

Şəbnəm Mehdizadə