Rəsmi Moskvadan 10 noyabr bəyanatı ilə bağlı AÇIQLAMA

 23:53 05.11.2021     718

Rusiya Xarici İşlər Nazirliyi (XİN) 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı açıqlama yayıb.

Redaktor.az-ın yerli KİV-ə istinadla məlumatına görə, açıqlamada qeyd olunub ki, rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır.

Bildirilib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır.

“10 noyabr 2020-ci il tarixli bəyanatda mühüm müddəa qeyd edilib - regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması. Hesab edirik ki, problemin uzunmüddətli həlli Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır.

Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”, - deyə açıqlamada bildirilir.

Həmçinin qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun səkkiz iclasının yekunlarına əsasən Ermənistan və Azərbaycan arasında əlaqəni bərpa etmək üçün konkret dəmir yolu və avtomobil marşrutlarını təsvir edən hesabat təqdim edilib. Marşrutların qonşu ölkələrin nəqliyyat kommunikasiyalarına çıxışı mövcuddur, bu isə regionun tranzit cəlbediciliyini artıracaq və əlavə investisiyalar cəlb edəcək.