"Artıq təkqütblü dünyadan çoxqütblü dünyaya keçirik" - ABŞ diplomatı

 10:13 06.11.2021     89

"Azərbaycan 30 il müstəqillik dövründə böyük dəyişikliklərə nail olub, xüsusən də ölkə ərazi bütövlüyünü bərpa edib".

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini David Merkel VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda keçirilən panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ münaqişəsi Cənubi Qafqazda inteqrasiyaya mane olurdu. Sabiq diplomat vurğulayıb ki, bu gün Azərbaycanda real siyasətə əsaslanan yanaşmalar tətbiq olunur: "Bakı Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi və dünyada terrorçuluğa qarşı mübarizə sahəsində səsini qaldırdı. Azərbaycan və ABŞ siyasətçiləri ilə görüşürdük. Bu zaman amerikalı siyasətçi də deyirdi ki, İranın nüvə silahı təhlükə mənbəyidir. Azərbaycanlı siyasətçi də cavab verdi ki, siz bu fikrinizi İran İslam Respublikasında daha çox qabartmalısınız. Artıq təkqütblü dünyadan çoxqütblü dünyaya keçirik. Daha çox real siyasətə əsaslanan yanaşmalara imza atırıq. Avropanın vacibliyi daha əvvəl İranla, Rusiya ilə ölçülürdüsə, artıq daha çox Çini buraya əlavə dəyər kimi qatırıq".