Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirməlidir - Deputat

 11:42 13.11.2021     1334

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan ordusu uzun illərdən sonra öz torpalarını düşmən tapdağından azad etdi. Lakin müharibə başa çatsa da, bəzi qaranlıq məqamlar, həllini gözləyən bir sıra məsələlər var. Qarabağ bölgəsinin Xankəndi, Xocalı, Xocavənd və keçmiş Ağdərə ərazilərində hələ də ermənilər yaşayır. Separatçılar həmin ərazilərdə hələ də qanunsuz fəaliyyətinə davam edir, qanunsuz silahlı birləşmələri tez-tez təxribatlara əl atır.

Bəs görəsən, bu ərazilərin taleyi necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Məmmədov cavablandırıb. O bildirib ki, Azərbaycan cəmiyyəti bu məsələdən çox narahatdır:

“Rusiya sülhməramlıları Azərbaycana gəldikləri gündən Ermənistandan erməniləri Xankəndinə, Xocalıya köçürdülər. Vaxtilə onlara lazımi şərait yaradıldı ki, ermənilər bizim ərazilərimizdə rahat yaşasınlar. 1992-ci ildə mən Xocalıdakı evimdən didərgin düşmüşəm. Amma onun dərdini çəkən, bu haqda narahat olan yoxdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində 90 min azərbaycanlı yaşayıb. Rusiya sülhməramlısı bizi niyə doğma yurd-yuvamıza qaytarmaq haqqında narahat olmur? Bu barədə heç bir iş görülmür və ya təklif verilmir. Amma ermənilərə məktəb, bağça, tibb məntəqəsi tikildi. Bu necə sülhməramlılıqdı? Mən bunu ədalətli mövqe hesab etmirəm.  Azərbaycan cəmiyyəti bundan çox narahatdır. Xocalı camaatı öz yurd-yuvalarından didərgin düşüb. Bu haqda heç kim bir iş görmək istəmir”.

Deputat qeyd edib ki, Dağlıq Qarabağdakı separatçılar ərazilərimizdən təmizlənməlidir:

“Mən bu barədə dəfələrlə fikir bildirmişəm. Əgər sülhməramlılar ərazimizdəki separatçı silahlı birləşmələri, Ermənistan dövlətinə məxsus olan cinayətkarları torpaqlarımızdan çıxarmasa, Azərbaycan beynəlxalq hüquqa və öz qanunlarına əsasən öz hərbi gücündən istifadə edərək anti-terror əməliyyatı həyata keçirməlidir. Biz öz ərazilərimizi cinayətkarlardan yalnız bu yolla təmizləyə bilərik. Başqa yolumuz yoxdur”.

Şəbnəm Mehdizadə