Goranboyda karantin qaydalarını pozan toy sahibləri cərimələndi

 19:19 10.11.2021     376

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Balakürd, Tapqaraqoyunlu kəndlərində və Yeni Veyisli qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.