Şuşadakı və sərhəddəki insidentlərdə ABŞ və Fransanın əli var? - AÇIQLAMA

 13:54 11.11.2021     348

Xəbər verdiyimiz kimi, 10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Bəs görəsən, həmsədr ölkələrin təmsilçiləri ilə belə bir danışıqların aparması nədən xəbər verir? Minsk Qrupu formatındakı danışıqlara yenidən qayıdırıq?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, həmsdər ölkələrin təmsilçilərinin Azərbaycanla Ermənistan arasındakı təmaslarda iştirak etmələri üçün heç bir əsas yoxdur.

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ceyhun Bayramovun ermənistanlı həmkarı Arorat Mirzoyanla görüşündə müzakirə olunan məsələlər barədə mətbuata ətraflı məlumat verilməyib. Bu baxımdan, yalnız ehtimallarla çıxış etmək olar. Əgər müzakirə olunan məsələlərin sırasında Azərbaycan-Ermənistan münasibətləri, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması yer alıbsa, o zaman bu müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin, cəhənnəmə vasil olmuş “münaqişə”nin “ölməz Kaşşeyi” Anjey Kasprşikin hansı statusla iştirak etdiyi məlum deyil. Çünki Minsk Qrupunun həmsədrlərinə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən verilmiş 15 bəndlik mandatda artıq başa çatmış “Dağlıq Qarabağ” münaqişəsinin tənzimlənməsi” prosesindən kənar heç bir vəzifə yoxdur. Münaqişə isə Azərbaycan Ordusunun zəfərindən sonra başa çatıb. Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin ötən il noyabrın 10-da imzaladıqları, rəsmi İrəvanın kapitulyasiyasını ifadə edən sənəddə də hansısa “münaqişə”nin tənzimlənməsindən söhbət getmir. Bu baxımdan, subyektiv mövqeyimə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatına uyğun olaraq gəldiyim qənaətə görə, ABŞ, Fransa və Rusiya üçlüyü təmsilçilərinin Azərbaycanla Ermənistan arasındakı təmaslarda iştirak etmələri üçün heç bir əsas yoxdur.

Görüş öncəsi Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində və Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən insidentlər isə, bu olayların Minsk Qrupu həmsədrlərinin, xüsusilə də ABŞ və Fransanın prosesə qatılmasını əsaslandırmaq üçün kənardan stimullaşdırıldığı təəssüratını yaradır”- deyə politoloq qeyd edib.

Şəbnəm Mehdizadə