"Həmsədrlər anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb” - Sahib Alıyev

“Minsk qrupu həmsədrləri və eləcə də uzun müddətli sülh haqqında danışan digər dövlətlərin təmsilçiləri anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib. Deputat bildirib ki, vaxtilə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasında bir nömrəli məsələ münaqişənin həlli idi:
"Bu münaqişə Azərbaycanın növbəti “hay” təxribatına qarşı güc tətbiqi nəticəsində həllini tapdı. İki ölkə arasında sülh sazişi yalnız Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasından sonra mümkündür. Bununla bağlı Azərbaycanın mövqeyi ortadadır. İlham Əliyev müharibədən dərhal sonra belə bir təşəbbüslə çıxış edib. Təəssüf ki, Ermənistan tərəfdən bu məsələyə bəzi təbliğat xarakterli açıqlamaları nəzərə almasaq konkret cavab yoxdur. Həmsədr ölkələri diqqətlərini məhz bu yöndə cəmləşdirməlidirlər. O format müharibədən də əvvəl Ermənistanın qeyri-konstruktiv addımları nəticəsində aradan qalxmışdı. Ermənistanın Baş naziri Nikol Paşinyan hər şeyə sıfırdan başlayacağını bildirsə də, “Qarabağ Ermənistandır” ifadəsini işlətməklə əvvəlki formata çoxdan son vermişdi. Yenidən belə bir formatın yaradılmasının mümkün olacağını düşünmürəm. Çünki belə bir formatın yaradılması üçün hüquqi baza yoxdur”.
Deputat qeyd edib ki, regionda marağı olan böyük dövlətlər kimi Minsk qrupu hər iki tərəfi digərinin ərazi bütövlüyünü tanımağa səsləməlidir:
“Minsk qrupu hələ buraxılmayıb. Onlar həqiqətən də regionda uzun müddətli sülhün bərqərar olmasını istəyirsə, sülh anlaşmasının imzalanması üçün Ermənistanı hərəkətə gətirməli və minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi ilə bağlı təzyiq göstərməlidirlər. Yalnız bu halda Minsk qrupu həmsədrlərinin həqiqətən də sülh tərəfdarı olmasına inanmaq olar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 3+3 formatı haqqında çıxışına diqqət etmək lazımdır. Hesab edirəm ki, bu regionun probleminin ən yaxşı çözüm yolu kənardan müdaxilə olmadan və region ölkələrinin inteqrasiyası, birgə əməkdaşlığından keçir. Azərbaycanla Türkiyə prezidentlərinin bu məsələdə mövqeyi ortadadır. Rusiya prezidenti də bu təklifə müsbət yanaşır. Ümid edirik ki, regionun digər ölkələri də həmin təşəbbüsə adekvat yanaşma sərgiləyəcək”.
Şəbnəm Mehdizadə