Paşinyandan Azərbaycanın Gorus-Qafan yolunda post qurmasına dair AÇIQLAMA

 17:04 11.11.2021     301

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin Gorus-Qafan yolunda öz nəzarətində olan ərazilərdə sərhəd və gömrük nəzarətinə başlamasına dair xəbərlərə münasibət bildirib.

Redaktor.az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, Paşinyan bildirib ki, Azərbaycan nəzarət-buraxılış məntəqəsini Gorus-Qafan yolunun öz ərazisindən keçən Eyvazlı-Çayzəmi hissəsində quraşdırmaq istəyir.

Onun sözlərinə görə, Azərbaycan Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmaq istədiyindən, Ermənistan da yeni yoldan istifadə etməyə başlayacaq.

Paşinyan qeyd edib ki, Ermənistan öz vətəndaşlarını Qafan - Aqvani - Tatev yoluna istiqamətləndirmək barədə qərar verib.

“Mən bu yol ilə getmişəm və deyə bilərəm ki, keyfiyyətli yol inşa edilib. Yolu qoşqulu avtomobillərin keçidi üçün əlverişli vəziyyətə gətirmək lazımdır. Ötən gecə bu yol ilə İran avtomobilləri də daxil olmaqla yüzə yaxın maşın keçib”, - deyə Paşinyan əlavə edib.

Baş nazir vurğulayıb ki, Ermənistan da lazım gələrsə, Gorus-Qafan yolunda gömrük və pasport nəzarəti məntəqələri quraşdıracaq.