"Azərbaycan prezidenti və ordusu bütün proseslərə nəzarət edir"

“Ermənistan mətbuatında sülh müqaviləsi üzərində işlənildiyinə dair məlumatlar verilir. Belə görünür ki, orada hökumət çox zəifdir və təsir altındadır. Ona görə də inamsız addımlar atılır. Erməni cəmiyyəti və sadə xalq sülh müqaviləsinin imzalanmasında öz sözünü deməli və hökumətə dəstək olmalıdır”.
Bu sözləri Redaktor.az-a açıqlamsında hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirib. Onun sözlərinə görə, sülhün bərqərar olmasını istəməyənlər qələbəmizi həzm etməyənlərdir:
“Müharibənin bitməsindən bir il keçir və bu bir il ərzində Ermənistana sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı dəfələrlə çağırışlar olub. Lakin Ermənistan tərəfi bu çağırışlara cavab vermir və Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Paşinyan hakimiyyətə gəlsə də, ölkədə söz sahibi deyil. Çünki orada olan revanşist qüvvələr kifayət qədər güclüdür. Regionda sülhün bərqərar olmasını istəməyənlər az deyil. Onlar vəziyyəti daha da gərginləşdirmək istəyir. Bəzi qüvvələr xaricdən maliyyə dəstəyi göstərərək onların revanşist ideyalarını dəstəkləyirlər. Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində yerləşməsinə baxmayaraq, qanunsuz silahlı birləşmələr hələ də tərksilah edilməyib.
Ermənistanın müdafiə nazirinin Zəfər gününün il dönümündə Qarabağda separatçılarla görüşməsi təsadüfi deyildi. Bu, Azərbaycanın maraqlarına uyğun olmayan söhbətlərin getməsi deməkdir. Belə təxribatların olması qeyd etdiyim faktorlarla bağlıdır. Ona görə də Ermənistan sülh müqaviləsi imzalamayana qədər müsbət nə isə gözləyə bilmərik. Bütün proseslər onu göstərir ki, sülhün bərqərar olmasını istəməyənlər qələbəmizi həzm etməyənlərdir. Həmin qüvvələr Ermənistana yetəri qədər təsir edə bilir. Hətta revanşistlərin rəhbəri olan Köçəryan Paşinyanı devirəcəyi haqda açıqlamaları ilə hədə qorxu gəlir. Bu qüvvələrin təsiri altında Paşinyan sülh müqaviləsinə qol çəkməklə bağlı düzgün qərar qəbul edə bilmir”.
Ekspert bildirib ki, erməni cəmiyyəti və sadə xalq sülh müqaviləsinin imzalanmasında öz sözünü deməli və hökumətə dəstək olmalıdır:
“Ermənistan heç vaxt müstəqil dövlət olmayıb. Bu dövlət hər zaman Rusiyanın, xaricdə yaşayan bəzi qüvvələrin və diasporun təsiri altında olub. Erməni xalqı və indiki rəhbərlik yaxşı başa düşür ki, sülh müqaviləsi qaçılmazdır. İndi Zəngəzur dəhlizinin açılması gündəmdədir. Onlar istəsə də, istəməsə də, Azərbaycan öz sərhədini xəritələr üzərində olan xətlərlə qurur və buna görə Ermənistandan icazə almırıq. Orada olan sağlam qüvvələr dərk edir ki, sülh müqaviləsi Ermənistan iqtisadiyyatının inkişafına və erməni xalqının rifahına xidmət edən bir addımdır. Onlar bilir ki, bu gün nə Türkiyəyə, nə də Azərbaycana meydan oxuya bilməz. Bütün bunlara baxmayaraq təxribatlarından da qalmırlar. Onların bu təxribatları ciddi bir şey deyil, sadəcə ürək bulandırır. Əlbəttə bu o demək deyil ki, biz bunlara göz yummalıyıq. Azərbaycan prezidenti və ordusu bütün proseslərə nəzarət edir və diqqətə alır. Bu təxribatları törədənlərin niyəti aydındır, lakin onlar məqsədinə çata bilməyəcək. Ermənistan mətbuatında sülh müqaviləsi üzərində işlənildiyinə dair məlumatlar verilir. Belə görünür ki, orada hökumət çox zəifdir və təsir altındadır. Ona görə də inamsız addımlar atılır. Erməni cəmiyyəti və sadə xalq sülh müqaviləsinin imzalanmasında öz sözünü deməli və hökumətə dəstək olmalıdır”.
Şəbnəm Mehdizadə