Rusiya sülhməramlılarına öz səlahiyyətləri xatırladılmalıdır - Deputatlardan ETİRAZ

Xəbər verdiyimiz kimi, Qarabağda rus sülhməramlıların hərbi şəhərciyinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” yaradılıb və burada rus sülhməramlıları əks etdirən heykəl qoyulub.
Xiyabanın açılışı noyabrın 10-da Xankəndidə baş tutub. Açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib.
Qeyd edək ki, Rusiyanın bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı bildirib ki, sülhməramlılar artıq öz səlahiyyətlərini aşır:
“Sülhməramlılara verilən konkret təlimatlar var. Onların əsas vəzifəsi Dağlıq Qarabağda qalan erməni əhalisi ilə Azərbaycan əhalisinin inteqrasiyasına kömək etmək, hər iki tərəfdən əhalinin təhslükəsizliyinə çalışmaq və eləcə də o ərazidə qeyri-qanuni fəaliyyət göstərən terrorçu dəstələri ərazidən çıxarmaqdır. Amma sülhməramlılar Azərbaycan ərazisinə Rusiyanın bir hissəsi kimi yanaşır. Bizim Rusiya mədəniyyətinə, rus ədəbiyyatına böyük hörmətimiz var. Bakıda bir sıra rus şairinin heykəli var. Amma Xocalıda, xalqımızın qanı tökülən yerlərdə heykəllər ucaltmaq sülhməramlıların işi deyil və olmamlıdır. Ermənilər qalıb bir tərəfdə, ruslar özünə heykəl ucaldır. Fikrimcə, Rusiya sülhməramlılarına öz səlahiyyətləri xatırladılmalıdır”.
Deputat Ceyhun Məmmədov da bildirib ki, sülhməramlıların bu addımı qəbuledilməzdir:
“Azərbaycanda hər zaman digər xalqların mədəniyyətlərinə yüksək qiymət verilib. Bu gün Bakının mərkəzində dünyanın bir çox dahi şəxsiyyətlərinin heykəlləri, abidələri var. Azərbaycan tolerant və multikultural ölkədir. Amma Qarabağda bu formada addımların atılması Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. O ərazilər bizim ərazilərimizdir və orada atılan hər bir addım Azərbaycanla razılaşdırılmalıdır. Gələcək fəaliyyətimizdə biz bəzi məqamları nəzərə almalıyıq. Bu kimi məlumatlar ermənilər tərəfindən məqsədli şəkildə daha geniş təbliğ olunur. Əsas məqsəd xalqlar arasına nifaq salmaq, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməkdir”.
Deputat hesab edir ki, o ərazilərdə verilən bütün qərarlar bizimlə razılaşdırılmalıdır:
“Azərbaycanın ərazisində bu işlərin kütləvi şəkildə görülməsi və təbliğatının aparılması birmənalı qəbul edilmir. Sülhməramlıların fəaliyyəti Azərbaycan cəmiyyətində normal qarşılanmır. 10 noyabr bəyanatından sonra Azərbaycan şərait yaratdı ki, Rusiya sülhməramlıları bu bölgəyə gəlsin və iki xalq arasında münasibətlərin normallaşdırılmasına öz töhfəsini versin. Bölgəyə sülh, əmin-amanlıq gəlsin. Lakin görünən odur ki, sülhməramlılar bir sıra hallarda erməniləri müdafiə edən işlər görür. Onların əsas missiyası sülhə töhfə vermək olmalıdır. Bu mənada sülhməramlıların fəaliyyətini tam qənaətbəxş hesab etmirəm. Rusiya tərəfi Azərbaycanın bu narahatlığını nəzərə almalı, balanslaşdırılmış fəaliyyət göstərilməlidir. Ermənilər atəşkəsi pozur, təxribatlar törədir. Sülhməramlılar bunun qarşısını almalı və ciddi reaksiya verməlidirlər”.
Şəbnəm Mehdizadə