Ortaq Türk dili də yaradılacaq? - AÇIQLAMA

 13:32 13.11.2021     1265

Xəbər verdiyimiz kimi, noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb. Zirvə görüşündə həmçinin İstanbul Bəyannaməsi imzalanıb.

Bütün bunlar onu deməyə əsas verir ki, artıq türk dövlətləri arasında əməkdaşlıq fərqli müstəviyə keçir. Bəs görəsən, gələcəkdə ortaq türk dilinin yaradılması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Azərbaycanın keçmiş təhsil naziri,  professor Firudin Cəlilov cavablandırıb. O bildirib ki, bu işlər çoxdan görülməli  idi:

“1992-ci illərdən bu prosesə start verilməli idi. Yəni biz 30 il gecikmişik. Lakin necə deyərlər, ziyanın yarısından da qayıtmaq da xeyirdir. İndi gec də olsa, türk dövlətləri birgə əməkdaşlığa başlayıb. Lakin metodikada yanlışlıq var. Əvvəlcə ortaq əlifba yaradılmalıdır. Daha sonra ortaq terminlər seçilməlidir. Ortaq dil yaradılmalıdır ki, bu ölkələr arasında əlaqələr daha sıx olsun. Lakin təəssüf ki, hələlik bu istiqamətdə iş aparılmır. Türkdilli ölkələrin vahid təşkilatda birləşməsi yaxşı hadisədir. Onlara uğur arzu edirəm”.

Professor qeyd edib ki, ortaq türk dilinin yaradılması çox vacibdir:

“Türklər tarixən eyni kökdən gələn xalqlardır. Sonradan bu xalqlar bir-birindən ayrılıb və yadlaşıb. Bu xalqların həyat tərzində, dilində bir çox fərqlər yaranıb. Bu xalqları yenidən bir dildə danışması mümkün deyil. Sadəcə ortaq dilin yaradılması ona görə vacibdir ki, bu qardaş xalqlar bir-birini asanlıqla başa düşə bilsin. Ortaq dərsliklərin yaradılması mühümdür. Lakin bu sahədə çox ciddi problemlər var. 23 ildən çoxdur ki, TÜRKSOY yaradılıb. Amma TÜRKSOY heç bir iş görə bilmədi. Çünki düzgün istiqamət seçilməyib. İndi Türk Dövlətləri Təşkilatı yaradıldı. Hesab edirəm ki, türk xalqlarının buna çox ehtiyacı var idi”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən