"Turan dövləti yaradılarsa, bizim bir səsimiz olacaq" - Məlahət İbrahimqızı

 15:12 13.11.2021     887

Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasına dair qərar qəbul olunub. Türkmənistan isə təşkilata müşahidəçi statusunda üzv qəbul edilib. Zirvə görüşündə həmçinin, İstanbul Bəyannaməsi imzalanıb.

Beləliklə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daimi, Macarıstan və Türkmənistan isə müşahidəçi üzv olmaqla Türk dövlətləri vahid bir təşkilatda birləşiblər.

Bəs görəsən, bütün bunlar yaxın gələcəkdə Turan ideologiyasının reallaşmasına zəmin yaradırmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Məlahət İbrahimqızı cavablandırıb. O bildirib ki, Turan bizim könül coğrafiyamızdır:

“İstanbul Bəyanaməsi Türk dövlətlərinin 2040-cı ilə qədərki birgə fəaliyyət planıdır. Türk Dövlətləri Təşkilatının yaradılmasında əsas məqsəd bu coğafiyada yaşayan türk xalqlarının bir-birinə hər mənada dəstəyini ən yüksək səviyyəyə çatdırmaqdır. Necə ki, Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə strateji müttəfqilik var. Şuşa Bəyannaməsindən sonra isə vahid siyasətimiz formalaşamağa başlayıb. Bu əməkdaşlığı bütövlükdə türk dünysına yaymaq, təbliğ etmək lazımdır. Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı kifayət qədər ikili standartlar, qısqanclıqlar var. Turan dövləti yaradılarsa, bizim bir səsimiz olacaq. Amma beynəxalq təşkilatlarda bir dövlətin səsindənsə, 6-7 dövlətin səsi daha üstündür. Bu halda biz bir-birimizə daha çox kömək edə bilərik. Turan bizim könül coğrafiyamızdır. Təşkilatın əsas məqsədi bir-birindən ayrı salınan qardaşları yenidən bir mərkəzdə birləşdirmək, aradakı tikanlı məftilləri qırmaqdır. Azərbaycan Türkiyə ilə olduğu kimi digər türk dövlətləri ilə də ən yüksək səviyyədə müttəfiq olacaq”.

Deputat bildirib ki, türk dövlətləri həm ikitərəfli, həm çoxtərəfli formatda bir-birinə dəstək verməlidir.

“Uzun illər bu dövlətlərin arasına girənlər çox olub. Arada maneələr, küsülülüklər olub.  Belə bir təşkilatın yaradılması, inkişaf etdirilməsi və gücləndirilməsi bir-birimizə arxa-dayaq olmaq deməkdir. Biz qardaş xalqlarıq. Obrazlı dildə desək, biz hamımız Dədə Qorqudun nəvələriyik. Niyə də beynəlxalq təşkilatımız olmasın? Dünyada heç bir yaxınlığı olmayan bir sıra dövlətlərin birliyi var. Dünyada qloballaşma çox sürətlə gedir. Qloballaşan dünyada insan necə tək yaşaya bilmirsə, dövlətlərin də əməkdaşlığa, birliyə, müttəfiqə ehtiyacı var. Ən güclü dövlət belə, tək qala bilməz. Allah bizə belə bir imkan yaradıb. Bu coğrafiyaya Allah hər şey verib. Bizim dilimiz, dinimiz, inancımız, genetik kodlarımız birdir. İndi hər bir türk dövləti müstəqillik qazanıb. Əldə etdiyimiz nailiyyətlər, digər türk dövlətinin də sayılmalıdır. Hamımız bir-birimizin uğurundan faydalanmalıyıq. Qarabağ müharibəsində bizə Türkiyə dəstək verdi. Bu dəstəyi Türkmənistan, Qırğızıstan və digər türk dövlətləri də verəcək. Həmçinin, biz də onlara dəstək olmağa hər zaman hazırıq. Bizim qardaşlığımızın tarixi çox qədimdir. Dostumuz, düşmənimiz birdir. Həm ikitərəfli, həm çoxtərəfli formatda bir-birimizə dəstək verməliyik. Ərdoğanın məşhur ifadəsi var: "Dünya beşdən böyükdür". Bəzən beynəlxalq təşkilatlar bizim əleyhimizə qərarlar verir. Bu dövlətlər bir-birinə belə anda dəstək olmalıdır”, - deyə Məlahət İbrahimqızı bildirib.

Şəbnəm Mehdizadə