Azərbaycan Rusiya sülhməramlılarına sərt cavab verməlidir - Deputat və politoloqdan REAKSİYA

 12:59 15.11.2021     755

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Lakin Ermənistanın tərəfi Azərbaycanın bu qələbəsini heç cür qəbul etmək istəmir. Elə bunun nəticəsdir ki, erməni separatçıları bir müddətdir ərazilərimizdə təxribatlar törətməyə cəhd göstərir. 10 noyabar bəyanatının müddəsasına əsasən bölgəyə nəzarət edən Rusiya sülhməramlı kontingenti isə erməni təxribatlarına göz yumur. Bəs görəsən, sülhməramlılar niyə erməni separatçılarını Azərbaycan ərazisindən çıxarmır? Bölgədə sabitliyin təminatçısı olan bu qüvvələr erməni  təxribatlarına niyə göz yumur?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Razi Nurullayev cavablandırıb. O bildirib ki, əslində sülhməramlıların erməni təxribatlarının qarşısını almaması və ya ala bilməməsi Azərbaycanın xeyrinədir:

“Çünki sülhməramlılar bununla öz fəaliyyətsizliklərini, bacarıqsızlıqlarını və tərəflərini bir daha göstərmiş olur. Bu da Azərbaycana imkan verir ki, Rusiya tərəfinə daha qətiyyətli fikir bildirsin. Həmçinin sülhməramlıların missiyasının uzadılması ilə bağlı məsələdə ortaya öz iradəsini qoysun. Hesab edirəm ki, Rusiya sülhməramlıları erməniləri idarə edə və onların törətdiyi təxribatların qarşısını almaqda acizdir. Onlar üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir. Bütün hallarda Rusiyaya öz etirazını bildirmək üçün Azərbaycanın əlində kifayət qədər arqumentlər var”.

Politoloq Fikrət Sadıxov isə bildirib ki, Azərbaycan onların bu addımlarına sərt cavab verməlidir:

“Sülhməramlılar Azərbaycan torpaqlarında müvəqqəti olaraq yerləşdirilən hərbi qüvvədir. Onlar öz missiyasını axıra qədər yerinə yetirməlidir. Onların vəzifəsi ermənilərə məktəb, bağça tikib separatçılara qayğı göstərmək yox, erməni təxribatlarının qarşısını almaqdır. Təəssüf ki, biz əks mənəzərəni müşahidə edirik. Əgər sülhməramlılar separatçıları tərksilah etsəydi, belə hadisələr baş verməzdi. Onların gündəmində duran əsas məsələ tərəflər arasında stabilliyin yaradılması olmalıdır. Bu gün regionda sabitliyin yaradılması sülhməramlılardan asılıdır. Onlar böyük dövlətin təmsilçiləridir və bizim əraziyə Azərbaycanın razılığı ilə gəlib. Lakin reallıq onu göstərir ki, sülhməramlılar ermənilərin başını sığallayaraq onların evlərini, məktəblərini təmir edir. Bütün bunlar yolverilməz haldır. Vaxtilə Azərbaycan Rusiyanın Müdafiə Nazirliyinə bu barədə məktub göndərərək öz narazılığını bildirib. Görünür bu istiqamətdə mövqeyimiz daha sərt olmalıdır. Azərbaycan onların bu addımlarına sərt cavab verməlidir”.

Şəbnəm Mehdizadə