"Sülhməramlılar Ermənistanı qızışdırıb yeni müharibə yaratmağa çalışır" - AÇIQLAMA

 14:03 15.11.2021     368

Son günlər azad edilmiş ərazilərdə erməni təxribatları səngimək bilmir. Sülhməramlı qüvvələrin ərazidə olmasına baxmayaraq bu təxribatların qarşısı alınmır. Bunun əksinə olaraq Şuşada postumuza qumbara atan erməni terrorçusu Ermənistan tərəfinə təhvil verildi. Eyni zamanda, Ermənistan Kəlbəcər və Laçınla sərhəddə ordumuzun mövqelərini atəşə tutur, bu istiqamətdə ordu birlikləri cəmləşdirməyə cəhd edir. Bəs görəsən, Ermənistanın bu cür təxribatlarda məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu təxribatların motivlərini araşdırsaq görərik ki, Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə getdikcə pik nöqtəsinə yaxınlaşır:
“Noyabrın 8-də Azərbaycan xalqının Zəfər Gününü böyük atəşfəşanlıqla qeyd etdiyi bir vaxtda Ermənistan faktiki olaraq matəmə bürünmüşdü. Həmin günlərdə Ermənistan müxalifətinin irimiqyaslı mitinqlərinə, etriraz yürüşlərinə start verildi. Keçmiş rəhbərlər Köçəryan və Sarkisyan Paşinyan əleyhinə milli müqavimət hərəkatının yarandığını elan edib. Onlar Ermənistanın müxtəlif bölgələrində qərargahlar yaradaraq xalqı bu hərəkata üzv olmağa dəvət edirlər. Paşinyan başa düşür ki, onun hakimiyyəti üçün çox ciddi təhülkə mənbəyi formalaşmaqdadır. Artıq bu mübarizə açıq müstəvidə gedir. Paşinyanı 10 noyabrda kapitulyasiya aktına imza atmağına görə açıq şəkildə qınayırlar”.

Deputat bildirib ki, Ermənistanın ciddi sənədlərə imza atacağı təqdirdə ölkədə böyük terror aktları baş verəcəyi istisna edilmir:

“1999-cu ildə Ermənistan parlamentində baş verən hadisələr dediklərimizi bir daha təsdiq edir. İndiki vəziyyətdə Paşinyan hakimiyyəti özünün Qarabağ məsələsində prinsipial, qətiyyətli və güzəştsiz mövqeyini nümayiş etdirmək üçün belə təxrinbatlara  əl atır.  Bununla da hakimiyyət erməni ictimaiyyətinə sübut etməyə çalışır ki, onlar heç bir halda güzəştli mövqedə dayanmayacaq. Kəlbəcər istiqamətində atəşkəsin intensiv şəkildə pozulması, Azərbaycan Silahlı qüvvələrinin mövqelərinin  atəşə tutulması, Şuşa ətrafında baş verən son hadisələr bu təxribatların getdikcə intensivləşəcəyindən xəbər verir. Belə qənaətə gəlmək olar ki, Ermənistanda daxili situasiyanın gərginləşməsi və revanşistlərin güclənməsi Paşinyan hakimiyyətini belə təxribatlara əl atmağa sövq edir”.

Politoloq Qabil Hüseynli bildirib ki, ermənilər sülh müqaviləsindən yayınmaq və Dağlıq Qarabağda yeni münaqişə ocağı yaratmaqla müharibənin nəticələrini öz xeyrinə çevirmək niyyətindədir:

“Ermənistan tərəfi buna öz gücü çatmadığı halda başqa dövlətlərdən kömək almaqdan da çəkinmir. Ermənistan danışıqlar prosesindən yayınır və buna görə də hər hansı bir izahat vermək istəmir. Amma eyni zamanda kimlərdənsə aldığı təlimat nəticəsində sülh danışıqlarını donduraraq bölgədə gərginlik yaratmaq istəyir. Son hadisələr, xüsusilə Azərbaycan postuna hücum edən şəxsin Rsuiya sülhmərmalı qüvvələri tərəfindən Ermənistana təhvil verilməsi və orada onun qəhrəman kimi qarşılanması onu göstərir ki, bölgədəki məsələlərdə Rusiya tərəfsiz rol oynamır. Rusiya açıq-aşkar Ermənistanın tərəfindədir. Sülhməramlılar Ermənistanı qızışdırıb yeni müharibə yaratmağa çalışır. Heç bir beynəlxalq hüquq normalarına uyğun gəmədiyi halda  terroçunu Ermənistana təhvil verilməsi onu göstərir ki, sülhməramlılar əvvəl olduğu kimi indi də ermənilərin qulluğundadır və onlara kömək üçün buraya göndərilib. Sülhmərmalıların missiyasını ermənilərə hərbi yardım formasında reallaşdırır. Bölgədə hadisələr çox gərgindir. Bu gərginlik Azərbaycnı təcili addımlar atmağa məcbur edir. Baş verən hadisələrlə bağlı Rusiya ilə siyasi danışıqlar təcili başladılmalıdır. Rusiyadan təminedici cavab almadığımız təqdirdə Azərbaycan bölgədə öz fəaliyyətinin istiqamətlərini müəyyən etməlidir”.  

Politoloq əlavə edib  ki, növbəti mərhələdə Azərbaycan ilk olaraq sülhməramlıların ərazisindən çıxarılmasını tələb etməlidir:

“Çünki sülhməramlılar göstərdi ki, onlar bu əraziyə Ermənistana hərbi dəstək üçün gəlib. Məqsədləri Qarabağın dağlıq hissəsini Azərbaycanın suverenliyindən çıxarmaq və Ermənistana birləşdirmək və ya öz müqəddəratını təyin etmək hüququ adı altında buranın müəyyən statusa sahib olmasını təmin etməkdir. Ruslar sülh yaratma işinə sadiq deyil. Bu, aydın görünür. Sülhməramlıları bölgədə sülhü təmin etməyə qadir deyil və onlar bunu heç istəmir də. Əksinə onlar bölgəni qan çanağına çevirmək üçün əllərində olan bütün imkanlardan istifadə edirlər”.

Şəbnəm Mehdizadə