Rusiya Müdafiə Nazirliyi erməni terrorçunu yenə "UNUTDU"

 23:33 15.11.2021     736

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin noyabrın 15-nə olan fəaliyyəti haqqında məlumat bülletenində bildirilib.

Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

"Rusiya sülhməramlı kontingentinin nümayəndələri 122 erməni zəvvarın Amaras (Xocavənd) və Gəncəsər (Kəlbəcər) monastırlarına müşayiətini təmin ediblər", - xəbərdə deyilir.

Məlumata görə, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis dəstələri tərəfindən 2314,5 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26078 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısının alınması, səylərin əlaqələndirilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - Rusiya MN-dən bildirilib.

Qeyd edək ki, nədənsə Rusiya MN-nin məlumat bülletenlərində 3 gündür ki, Şuşada terror törətmiş 1975-ci il təvəllüdlü Norayr Mirzoyanın əməli və onun Ermənistana təhvil verilməsi ilə bağlı heç bir məlumat qeyd edilmir.

Xatırladaq ki, noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib.

Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Əlavə edək ki, Rusiya sülhməramlıları erməni terrorçunu Azərbaycana yox, Ermənistana təhvil verib...

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən