Ermənilər mövqelərimizə niyə hücum edir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdimatı əsasında prezident Armen Sarkisyan ölkənin müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul edib.
N.Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, bu qərar son günlər baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib: “Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı".
Suren Papikyanın müdafiə naziri təyinatından sonra axşam saatlarından başlayaraq, bu gün səhərədək Ermənistan ordusunun bölmələri Azərbaycanla sərhəd rayonlardakı (Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa) mövqelərimizi atəşə tutub. Həmçinin bu gün Ermənistan Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Belə ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.
Maraqlıdır, Ermənistanda yeni müdafiə naziri təyin edilikdən dərhal sonra bütün sərhəd boyu mövqelərimizin atəşə tutulması, postlarımıza hücum cəhdi nədən xəbər verir? Proseslər hansı məcrada irəliləyəcək?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov cavablandırıb. O bildirib ki, Ermənistanda nazirlərin vəzifəyə təyin olunmasını, yaxud vəzifədən azad edilməsini konkret hansısa mövzu ilə bağlamaq düzgün deyil:
“Ermənistanın keçmiş müdafiə nazirinin təkcə Kəlbəcərdəki təxribata görə işdən çıxarıldığını düşünmürəm. Yeni nazirin ümumiyyətlə heç bir hərbi savadı yoxdur. Ağstafanı, Gədəbəyi, Ağdamı və digər ərazilərimizi gecədən atəşə tutublar. Bu gün də onlar Laçın və Kəlbəcərə hücum ediblər. Bu ondan xəbər verir ki, Ermənistan ordusunda başıpozuqluq yaranıb. Ermənistan ordusunu normal bir vəziyyətə gətirmək üçün Paşinyan cəhdlər etməyə çalışır. Amma bunun alınıb-alınmayacağını zaman göstərəcək. Belə bir ordu ilə Azərbaycanın mövqelərinə atəş açmaqla nəyə nail olacaqlar? Bu minvalla hansısa nəticəni əldə edəcəklərini düşünmürəm. Ermənistan ordusunda o qədər ciddi problemlər var ki, tez-tez nazir dəyişikliyi edilir. Vətən müharibəsindən sonra üç-dörd nazir dəyişib. Təzə nazirin vaxtında da qayda-qanun yaradılacağını söyləmək olmaz”.
Ekspert bildirib ki, Ermənistan rəhbərliyi düzgün yol seçməsə, hansısa nəticə əldə edə bilməyəcək:
“Çünki Ermənistanın iqtisadi vəziyyəti o qədər parlaq deyil ki, qısa müddətdə ordunu lazımi səviyyəyə çatıdra bilsin. Dünən günortadan səhərə kimi xeyli sayda yaşayış məntəqəmizi atəşə tutub. Bu gün də mövqelərimizə genişmiqyaslı hücum cəhdi olub. Aydın məsələdir ki, bunun üçün göstəriş verilib. Hərbçilər əmri icra edən şəxslərdir. Amma bütün bunlar ağılsızlıqdır. Azərbaycan ordusu lazımi bütün tədbirləri görür. Buna heç kim şübhə ilə yanaşmamlıdır.
Lakin yerli mətbuatımızda bəzi məsələlərə xüsusi diqqəti ayrılmalıdır. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərlə bağlı çox ciddi proseslər gedir. Terrorçunun bizim əsgəri yaralaması ilə bağlı Rusiya Müdafiə Nazirliyində heç bir məlumat yoxdur. Azərbaycan ictimaiyyəti olaraq bu məsələlərə göz yumduqca, belə hallar arta bilər. Ermənistan müdafiə naziri dəyişilir və dəyişəcək. Aydındır ki, bütün bunlar bizim diqqətimizi yayındırmaq üçündür. Amma terrorçunun geri qaytarılması adi hadisə deyil. Bu təhlükəli haldır. Azərbaycan ictimaiyyəti bu məsələyə ciddi reaksiya verməlidir”.
Şəbnəm Mehdizadə