Yeni müharibə Ermənistan ərazisində, İrəvanda olacaq - Deputatdan AÇIQLAMA

Vətən müharibəsində aldığı məğlubiyyətlə heç cür barışa bilməyən Ermənistan son günlər müxtəlif təxribatlara əl atır. Hazırda dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlar davam etməkdədir. Ötən axşamdan başlayaraq düşmən sərhəd boyu mövqelərimizi atəşə tutur. Aərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açırlar.
Bəs görəsən belə olan təqdirdə bu təxribatlar aktiv müharibə fazasına keçə bilərmi? Azərbaycan erməni təxribatlarına necə cavab verəcək?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Məmmədov cavablandırıb. O bildirib ki, ermənilərin bu təxribatları aktiv müharibə fazasına keçə bilər:
“Ermənilər aldığı məğlubiyyətlə heç cür barışa bilmir və bizim qələbəmizi qəbul etmək istəmir. Burada təkcə erməniləri günahlandırmaq düzgün deyil. Erməniləri arxayın edib bu işlərə həvəsləndirən qüvvələr onların özündən də təhlükəli və murdardır. İri çaplı silahlardan və artilleriya qurğularından mövqelərimizə atəş açılırsa, güclü Azərbaycan ordusu bunun cavabını yüksək səviyyədə verməyə qadirdir. Prezident İlham Əliyevin də dediyi kimi “dəmir yumruq” öz yerindədir”.
Deputat bildirib ki, bu dəfə müharibə Azərbaycan ərazisində getməyəcək:
“Müharibə Ermənistan ərazisində, İrəvanda olacaq. İrəvan bizim dədə-baba torpağımızdır, İrəvan xanlığıdır. Ermənilər bizi məcbur edir ki, Ermənistan dövlətinin müqəddəratı həll olunsun. Üçtərəfli bəyannaməni imzalayan dövlətlər və vasitəçilik missiyasını öhdəsinə götürən Rusiya bu məsələlərlə ciddi məşğul olmalıdır. Əks təqdirdə Azərbaycan olan-qalan Ermənistan ordusunu da darmadağın edərək öz qədim İrəvan torpağına qədər gedib o torpaqlara sahib çıxacaq”.
Şəbnəm Mehdizadə