Azərbaycan-Ermənistan sərhədində nə baş verir? - Keçmiş xarici işlər naziri əsl səbəbi AÇIQLADI

 14:44 17.11.2021     1697

Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyən Ermənistan öz çirkin əməllərindən qalmır. Təəssüf ki, son günlər ərzində düşmənin təxribat siyasəti geniş vüsət almağa başlayıb. Dünən Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi növbəti hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

Bəs görəsən, bu təxribatları törətməkdə Ermənistanın məqsədi nədir? Dünən yaşanılan hadisə əslində nədən xəbər verirdi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. O bildirib ki, ermənilərin əsas məqsədi orada gərginlik yaradıb hansısa xarici qüvvələri bu mövzuya cəlb etməkdir:

“Dünən baş verən hadisələrin çox sadə izahı var. Xarici qüvvələrin sərhəddə yerləşməsi ermənilər üçün təhlükəsizlik təminatı yaradacaq. Çünki ermənilər istəyir ki, heç olmasa sərhəd boyu təhlükəsizliyi bu və ya digər şəkildə təmin edə bilsinlər. Onlar daha sonra öz siyasətinə davam etmək istəyir”.

Politoloq bildirib ki, ermənilərin yazdığı ssenarinin bir hissəsi artıq baş verdi:

“Yəni gərginlik yarandı və bu gərginliyə kifayət qədər diqqət cəlb olundu. Rusiya və digər ölkələrə kömək üçün müraciətlər edilib. Ermənilər bildirir ki, Azərbaycan bizə qarşı hərbi işğal baş siyasəti aparır.  Bundan sonra hansısa ölkə, məsələn Rusiya irəli atılacaq ki, vasitəçiliyə hazıram. İkinci mərhələdə müşahidəçilər yaxud buna bənzər qurumlar məsələyə cəlb olunacaq. Məsələ burasındadır ki, sülhməramlılar Qarabağ mövzusuna aid qurumlardır. Amma sərhəd məsələsi diqqət xaricindədir. Təbii ki, bu məsələlər bölünməlidir”.

Şəbnəm Mehdizadə