"Zəngəzur dəhlizi açıldı" yalanı nə üçün yayıldı? - AÇIQLAMA

Dünən sosial mediada Zəngəzur dəhlizinin açılması ilə bağlı müxtəlif yanlış məlumatlar yayıldı. Ədalət Verdiyev adlı "hərbi ekspert" "“Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır! Gözümüz aydın!" yazaraq ictimaiyyəti çaşdırdı. İnsanlar həqiqətən də dəhlizin açılması ilə bağlı yanlış fikirə qapıldı. Halbuki rəsmi qurumlar bu məlumatı təsdiq etmədi. Bəs görəsən, belə məlumatların yayılmasında məqsəd nədir?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırıb. O bildirib ki, real olmayan məlumatı yayıb, sevinməyin heç bir əsası yoxdur:
“Bu xəbəri yayan şəxsi tanıyırıq. Belə məsələləri sadələşdirmək və bir içim su kimi yaymaq düzgün deyil. Bundan başqa, doğru olmayan məlumatları yaymaq qanunvericilikdə müəyyən məsuliyyət yaradır. İnsanlara yalan məlumat verməyin kimə nə xeyir var? Zəngəzur dəhlizi ilə bağlı danışıqlar gedir. Oradan yol çəkilməsi ilə bağlı kompromis əldə olunub. Amma bütöv Zəngəzur 10 min kvadrat metrdən ibarət olan böyük bir ərazidir. Onun böyük bir qismi hazırda Ermənistandadır. Əlbəttə, bu arzu gözəl arzudur. Həyata keçərsə ideal olar. Lakin dövlət qurumları tərəfindən təsdiq edilməyən informasiyaların tirajlanması çox yanlış haldır. Yaxşı olar ki, bu şəxslər ictimai rəyi çaşdırmasın. Real olmayan məlumatı yayıb, sevinməyin heç bir əsası yoxdur”.
Hərbi ekspert Abuzər Əbilov bildirib ki, belə yanlış məlumatlar cəmiyyətdə fikir ayrılığı yaradır:
“Belə məlumatların fikirləşmədən ortaya atılması tamamilə səhvdir. Zəngəzur dəhlizi Azərbaycan üçün vacib dəhlizdir. Dövlət başçıları həmin dəhlizin açılması istiqamətində böyük işlər görür. Bu dəhliz mütləq açılacaq. Sülh danışıqları, yaxud güc tətbiqi ilə olsa belə bu dəhliz mütləq açılacaq. Lakin rəsmi məlumat olmadan kimlərinsə belə məlumatları ortaya atması cəmiyyətdə çaşqınlıq yaradır. Onların sosial mediada daha çox bəyənmə və hörmət istədiyi üçün bu addımı atması tamamilə yanlış fikirdir”.
Ekspert bildirib ki, bu kimi həssas mövzularda hər bir məlumat mütləq şəkildə rəsmi mənbələrə əsalanmalıdır:
“Rəsmi mənbələrə istinad etməyən məlumatlar demək olar ki, beynəlxalq arenada “fake news” hesab olunur. Bu məlumatları yayan insanlar ciddi qəbul edilmir. Bütün bunların təməlində populizm dayanır. Ona görə də həddən artıq diqqətli olmaq lazımdır. İnformasiyalara diqqətlə və ciddi yanaşmaq lazımdır. Çünki Azərbaycanın hələ də işğal altında qalan əraziləri var. Biz qələbə qazanmışıq, amma müharibə vəziyyəti hələ də davam edir. Qazaxın 7 kəndi, tarixi ərazilərimiz olan Zəngəzur, Göyçə və digər mahallarımız işğaldadır. Ona görə də informasiyalara həddən artıq ciddi yanaşmaq lazımdır”.
Şəbnəm Mehdizadə