Azərbaycan-Ermənistan sülh sazişi bu ölkədə imzalanacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Maraqlıdır, sözügedən görüşdə hansı məsələlər müzakirə olunacaq? Görüşdən gözləntilər nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin depuatatı Elman Nəsirov bildirib ki, bu görüşdə post-müharibə dövründə həllini gözləyən məsələlər ətrafında çox ciddi müzakirənin olması mümkündür:
“Münaqişənin tənzimlənməsi istiqamətində 10 noyabr və 11 yanvar sənədlərinin imzalanmasının təşəbbüskarı Rusiya olub. İlk növbədə söhbət Azərbaycanla Ermənistan arasında nəqliyyat və kommunikasiya xətlərinin bərpasından və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınmasından gedir. Azərbaycan Zəngəzur dəhlizinə aid kənar heç bir variant qəbul etmir. Bu, Azərbaycanın prinsipial və qətiyyətli mövqeyidir. Bundan başqa görüş çərçivəsində iki tərəf arasında gərginliyə səbəb olan sərhədlərin delimitasiya və demarkasiya məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Ermənistan bu məsələdə də siyasi oyunbazlıq edərək beynəlxalq ictimai fikri çaşdırmaq istəyir. Brüssel danışıqlarında məhz delimitasiya və demarkasiya məsələləri ətrafında ciddi müzakirələrin gedəcəyi proqnozlaşdırılır".
Deputat qeyd edib ki, Rusiyanın Ermənistana təsir və təzyiq imkanları Avropadan qat-qat üstündür:
“Yeri gəlmişkən, Rusiyanın da bu məsələ ilə bağlı təklifləri var. Ermənistanın baş naziri həmin təklifləri dilinə gətirib və bu təkliflərlə razı olduğunu bildirib. Azərbaycanın işğaldan azad edilmiş torpaqlara “böyük qayıdışı”nın təmin edilməsində əsas maneə həmin ərazilərin minalanması ilə bağlıdır. Hesab edirəm ki, bu da müzakirə mövzularından biri olacaq. Ermənistan Azərbaycana o xəritələri dürüst şəkildə təqdim etməlidir. Bütün bu proseslərin məntiqi sonluğu sülh müqaviləsinin imzalanmasıdır. Lakin həmin müqavilənin imzalanmasından əvvəl qeyd edilən məsələlərlə bağlı razılaşmaların əldə olunması çox vacibdir. Hesab edirəm ki, Brüssel görüşü fikir mübadiləsi olaraq yadda qalacaq. Həmçinin, bu görüş mövqelərin öyrənilməsi və müəyyən etimad mühitinin yaradılması baxımından əhəmiyyətli ola bilər. Lakin sülhə gətirəcək həlledici addımların Brüsseldə yox, Moskvada baş verməsi daha inandırıcı görünür. Çünki Rusiyanın Ermənistana təsir və təzyiq imkanları Avropadan qat-qat üstündür. Bu mənada sülh sazişinin imzalanmasının və bu istiqamətdə əsaslı addımların atılmasının Avropa paytaxtlarında olacağına inanmıram. Bu prosesin Moskvada və ya Rusiyanın digər şəhərində baş vermə ehtimalı daha böyükdür”.
Politoloq Tofiq Zülfüqarov isə bildirib ki, bu görüşdən ciddi nəticələr gözləmək olmaz:
“Görüş Avropa İttifaqının təşəbbüsü ilə keçirilir. Bu görüşdə hansıssa ciddi nəticə əldə etmək çətindir. Gələn il Avropa İttifaqına Fransa sədrlik edəcək. Ermənistan görüşə sırf bu səbəblə razılıq verib. Çünki Ermənistan Avropa İttifaqında Fransanın dəstəyini hiss edəcək. Bu məqamı nəzərə alsaq deyə bilərik ki, ciddi nəticələr əldə etmək çətin görünür. Ermənistanın siyasəti son aylarda sərtləşib. Onlar təxribatlara əl atır və 10 noyabr bəyanatında nəzərdə tutulan maddələri həyata keçirmək üçün maneələr yaradır”.
Politoloq bildirib ki, görüşün keçirilməsi müsbət məqamdır:
“Azərbaycan öz mövqeyini təbliğ etmək üçün istifadə edəcək. Azərbaycan görüşdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırdığını bəyan edəcək. Təbii ki, bu sülh prosesinə ən böyük maneədir. Görüşdən əsas gözləntim bəyanatların müzakirəsidir. Biz hər bir imkandan istifadə etməliyik. Ermənistan kommunikasiyaların açılması məsələsindən də qaçmaq istəyir. Onlara təkcə Rusiya, Türkiyə, Azərbaycan təzyiq etmir. Həmçinin digər ölkələr də bu kommunikasiyanın açılmasında maraqlıdır. Ermənistanın bu mövzuda mövqeyinin dəstəklənəcəyini düşünmürəm. Əgər Ermənistan üzərinə öhdəlik götürübsə, onu mütləq yerinə yetirməlidir”.
Şəbnəm Mehdizadə