"Cəmiyyətin böyük bir hissəsinin əsəbləri ilə oynayırıq" - Deputatdan rüsumlara ETİRAZ

 12:31 24.11.2021     481

“Bu gün Azərbaycan cəmiyyətini rüsum və cərimələrlə bağlı məsələlər narahat edir”.

Redaktor.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Artırılan cərimələr insanların əməkhaqqı, pensiyası ilə uyğun gəlirmi? Bu şəkildə olmaz. Biz nəyə səs veririk? Bu insanları narahat edir. Çölə çıxanda maskanı unudursan, dərhal cərimə yazırlar. Rüsumların artırılması ilə bağlı ciddi narazılıqlar var. Cəmiyyətin böyük bir hissəsinin əsəbləri ilə oynayırıq. Buna cavab verilməlidir”, - deputat bildirib.

Rüstəmxanlı deyib ki, rüsumların 50-60% artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyi, vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağı araşdırılmalıdır:

“Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk? Camaat bunu ödəyə biləcəkmi? Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay ödəməsən, unutsan, 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu, müəyyən olunmalıdır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur:

“Bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. Biz bunu qəbul edirik. Ancaq pensiya və maaşlar da artırlılır. Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq”.