Paşinyanın "Zəngəzur dəhlizi olmayacaq" bəyanatına Bakıdan REAKSİYA

 17:36 24.11.2021     3709

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukda canlı yayımda mətbuat konfransı keçirib. Baş nazir qeyd edib ki, 10 noyabr bəyanatında “suveren dəhliz” formulu yoxdur. “Bəyanatın mətnində “dəhliz” sözü yalnız Laçınla bağlı işlədilib, hansı ki, Rusiya sülhməramlılarının nəzarətindədir” - deyən Paşinyan kommunikasiyaların açılması məsələsinə də aydınlıq gətirib:

"11 yanvar bəyanatına uyğun olaraq yaradılan işçi qrupu ölkələrin ərazi suverenliyi çərçivəsində, paritet əsaslarla istifadəsi ilə bağlı ümumi müzakirə aparır. Başqa cür suverenlikdən necə danışmaq olar? Azərbaycan müəyyən edəcək ki, bizim ərazimizdən necə gəlib-keçəcək? “Zəngəzur dəhlizi” adını ortaya atıblar və deyirlər ki, verməsən, zorla alacağıq. Belə olmayacaq”.

Ermənistanın Baş nazirinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını Redaktor.az-a şərh edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib ki, Paşinyan bu ifadə ilə özünə söz səngəri qurur:

“Zəngəzur ifadəsinin tarix olaraq yüz illərlə yaşı var. Digər tərəfdən bu ifadə Vətən müharibəsi nəticəsində doğuldu. Biz yalnız Qarabağı deyil, eyni zamanda bir çox tarixi yerlərimizin adını da işğaldan azad etdik. Onu da qeyd edim ki, ermənilər Zəngəzur adından tamamilə imtina edə bilməyiblər. Bu gün Ermənistanda toponimlərlə bağlı kiçik tədqiqat aparsaq görərik ki, Qacaran-Zəngəzur Mis-Molibden zavodundan tutmuş bir sıra yerlərdə bu ad hələ də qalır. Onlar nə qədər erməniləşdirmə siyasəti həyata keçirsələr də, buna tam nail ola bilməyiblər". 

Deputat bildirib ki, ərazi iddiasını bu gün də saxlayan Ermənistandır:

“Ermənistan Azərbaycana ərazilərimizin digər yerlərindən yol verməklə məntəqə açaraq Naxçıvanla birləşməsi kimi məsələləri deyərkən, sadəcə dəhliz kimi dilə gətirir. Amma bu terminlər sadəcə publisistik ifadələr deyil. Bu ifadələrin arxasında müxtəlif hüquqi hərəkətlər dayanır. Dəhlizin yoldan fərqi odur ki, orada Azərbaycanın nəqliyyat vasitəsi də, vətəndaşı da heç bir maneə və yoxlama olmadan, hər hansı bir rüsum ödəmədən birbaşa Naxçıvana getmiş olur. Yol isə sərt şərtlər, gömrük və s. prosedurlardan keçəndən sonra reallaşdırıla bilər".

Zahid Orucun fikrincə, Paşinyanın dünənki mətbuat konfransı bir neçə məqsəd güdürdü. 

"İlk növbədə Paşinyan bilir ki, İrəvan küçələrində etiraz aksiyaları, hakimiyyətə ciddi basqı var. İrəvanın müxtəlif metro stansiyalarının hərəkətini iflic etməyə çalışanlar müxtəlif küçə və meydanlara insanları dəvət edirlər. Amma Paşinyan ilk növbədə cəmiyyətin fikrini hazırlamağa çalışırdı ki, ictimai mövqelər onun əleyhinə indiki kimi inkişaf etməsin. Belə bir fikir formalaşdırılır ki, 26 noyabrda elə bir sənəd imzalanacaq ki, bu artıq Azərbaycanın ərazi bütövlüyünü tanımaq demək olacaq. Digər tərəfdən onlar Brüssellə Moskvanı informasiya məkanında toqquşdurrmağa çalışırlar və bildirirlər ki, Rusiyanın moderatorluğu İrəvanın maraqlarına uyğun olmayacaq. Ermənilər bildirir ki, biz çalışmalıyıq ki, Qərb meydanlarında öz tərəfdarlarımız, yəni Fransa, Avropa Birliyinin ayrı-ayrı dövlətləri bizə kömək edəcək və Avropada Azərbaycandan istənilən şərtləri qopara biləcəyik, Azərbaycanın bizim ərazilərimizə iddiası var. Halbuki regionu özünün dediyi cəngəlliyə çevirən məhz Ermənistan olub. İşğaldan azad olunmuş 7 rayonun durumu bunu sübut edir. Hətta cəngəllikdə belə bu cür mənzərə yoxdur. Digər tərəfdən ərazi iddiasını bu gün də saxlayan Ermənistandır. Ermənistan sübut etməlidir ki, Qarabağ və ətraf ərazilərə hansısa iddiası yoxdur. Biz 30 il ərzində təcavüzün ağır nəticələrini yaşamışıq. Bu gün hansısa sənədə arxalanıb Azərbaycan və Ermənistan SSR-nin ərazisidir deyə bir nöqtəni göstərsək, bəlli olur ki, o sənəddə həmin ərazi Azərbaycanın ərazisi kimi göstərilir. Bu mütləqdir. Bundan kənara çıxmaq olmaz”, - deyə komitə sədri bildirib.

Şəbnəm MEHDİZADƏ