İkili oyun oynayan Paşinyan...

 21:07 24.11.2021     1202

Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq hüquq və diplomatiya baxımından icra etməli olduğu bir razılaşma var. Bu da Azərbaycan və Rusiya ilə imzalanan üçtərəfli bəyənnamədir. Burada qeyd edilən müddəalar ora imza atan liderlərin rəhbərlik etdiyi dövlətlərin öhdəliyidir və Paşinyan da bu razılşamaya əməl etməyə məcburdur.

Lakin son günlər N.Paşinyanın müsahibəsində irəli sürdüyü fikirlər onun ikili davranışlarını analiz etməyə ehtiyac yaradır. Məğlub ölkənin baş naziri siyasi spekulyasiyalarla öz imzası ilə altına girdiyi öhdəliklərdən yayınmağa çalışır. Bu addımlar da siyasi kluarlarda iradəsizlik və ikiüzlülük kimi qiymətləndirilir.

Bəyənnamədə razılaşdırımış məsələlərdən biri və bu gün aktiv müzakirə edilsə də, Paşinyanın müddəada olduğu kimi icra etmək istəmədiyi nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Uzun müddətlik iqtisadi və siyasi prosesləri öz ətrafına cəlb edəcək, regionun və dünyanın lider dövlətlərinin marağında olan Zəngəzur dəhlizi bu kommunikasiyaların başlanğıcı və bünövrəsidir. Şərqdən Qərbə ticarət yollarını özündə birləşdirə biləcək bu yol Ermənistana da iqtisadi baxımdan xeyir ver bilər. Ən əsası isə Azərbaycanın blokadada olan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqələrini təmin etmiş olacaq. Lakin Paşinyan daxilə hesablanan pafoslu çıxışları ilə prosesi mümkün qədər uzatmağa çalışır.

Gah kommunikasiyaların açılmasının müsbət nəticələri olacağından danışan Nikol Paşinyan, gah da qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edir. Baş nazir Paşinyan üçtərəfli bəyanatda dəhliz ifadəsinin olmadığını əsas gətirir. Üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməsə də, həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur.

N.Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın korridoruna münasibətdə işlədilib. Amma o bununla yaddan çıxarır ki, Laçın koridoru ifadəsi ilə bağlı maneəsiz hərəkət ifadəsi işləmilməyib. Digər tərəfdən əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər tərəflər linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaq. Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi var. 

Azərbaycana Naxçıvanla əlaqə üçün dəhliz verməməyə cəhd edən Paşinyan öz ölkəsinin inzibati əraziləri arasında nəqliyyat yolunu təmin edə bilmir. Artıq Gorus-Qafan yolu üzərində Azərbaycanın post qurması ilə Ermənistana ilkin dərs verilib. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistan özüdür. Paşinyanın iddia etdiyi Tatev yolu istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir.

Ölkəsini kifayət qədər asılı vəziyyətdə yaşadığı Rusiyanı da aldatmağa çalışan Paşinyan öz hərəkətləri ilə Ermənistanı daha çətin vəziyyətə salır.

N.Paşinyan noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmaması ilə bağlı manipulyativ fikirlər səsləndirdi və yanlış rəy formalaşdırdı. Rusiya mənbələri də təsdiq ediblər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır. Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina edib. Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabrda görüşün yekun bəyanatı da hazırlanırdı. O bu addımı ilə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirdi. Bunun ardınca Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etdi və nəticə etibarilə, Rusiyanı çıxılmaz və pərt olmuş durumda qoydu.

Bununla yanaşı, Paşinyan etiraf edir ki, 9 noyabr onun üçün ağır gündür. Məhz 2020-ci il noyabrın 9-da, o, kapitulyasiya aktını imzalamışdı. Prezident İlham Əliyev dəfələrə qeyd etmişdi ki, 9 noyabr kapitulyasiya aktını Paşinyanın harada imzalaması hələ də sual altındadır.

Nikol Paşinyan öz çıxışlarında Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edir. Bəs 30 il Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir? Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır. Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Paşinyan öz nitqində Qarabağı yenə də “Artsax” adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirir. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.

Paşinyan Rusiyaya hörmətlə yanaşdığını və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində olmadığını deyir. 16 noyabr təxribatını törədən zaman Ermənistanın rəsmiləri NATO, Avropa İttifaqı və digər qurumlara müraciət edərək məgər Rusiya və KTMT-ni təhqir etmədilər? Paşinyan hətta Ermənistan sərhədlərinin qorunması üçün NATO-nu dəvət etmişdi. Paşinyanın Avropa İttifaqı ilə sövdələşməyə gedərək 15 dekabr Brüssel görüşünü təşkil etməsini Moskvada da yaxşı başa düşürlər.

Paşinyan xəritələrin çox olduğunu özü etiraf edir və hətta onları şəkilli kağız adlandırır. O, Azərbaycanın mövqeyini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur.

Paşinyan eyni zamanda Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunur və onlar barəsində danışmağın əssasız olduğunu deyir. Anklavlara gəldikdə dərhal Paşinyanda onların hüquqi əsaslandırılması barədə suallar yaranır. Əgər elədirsə, onda Azərbaycanda tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərələyəz və Şərqi Göyçənin və hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Çox da uzaq olmayan tarixdən bizə məlumdur ki, böyük miqyasda Azərbaycan əraziləri 1929-cu ildə Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətində mövcud olan dərin psixoloji problemləri etiraf edir. Ermənistan cəmiyyəti və dünya erməniliyinin şüuruna türkün düşmən olması ideyası yeridilib. Bunun əksini demək istəyən hər bir ermənini “türk” və ya “türkə xidmət edən” adlandıraraq düşmən elan edirlər. Böyük bir dövr ərzində erməni xalqı haqqında “qurbanlıq quzu”, “yazıq, əzilən xalq” fikri formalaşdırılıb və bu gün də bu ideyanın ermənilərin təfəküründə qalmasını və güclənməsini istəyən qüvvələr var.

Erməni millətçiləri, dünya erməniliyi bu iddialardan istifadə edərək beynəlxalq ictimai rəydə müsəlman, türk dövlətlərinin əhatəsində olan Ermənistanın əzildiyini, təzyiqlərə, soyqırımına məruz qaldığı ideyasını formalaşdırıb və bundan özləri üçün dividentlər əldə etmək, Türkiyəyə və Azərbaycana qarşı təsir vasitəsi kimi sitifadə olunmasına şərait yaradıb. Erməni millətçiləri Ermənistanın gələcəyini qonşu ölkələrlə normal münasibətlər, əməkdaşlıq əlaqələrinin qurulması, Ermənistanın regionun siyasi-iqtisadi həyatına daxil olmasında deyil, düşmənçilik, nifrət davranışının davam etdirilməsində, “qurbanlıq quzu”, “soyqırım qurbanı” ideyasından yararlanmaqda davam etməkdə görürlər.