İlham Əliyev Soçiyə qalib dövlətin başçısı kimi gedir

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Soçi şəhərində görüşəcək. Liderlərin İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra bölgədə yaranmış vəziyyət, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması (Zəngəzur dəhlizi) ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.
Soçi görüşündən gözləntilərlə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyev bu görüşə qalib dövlətin başçısı, Ali Baş Komandanı kimi gedir:
"Ona görə də biz heç kimdən nə isə xahiş etmək fikrində deyilik. Təbii ki, biz öz tələblərimizi ortaya qoyacağıq. Bu tələblərin əsas hissəsi öz əksini 10 noyabr və 11 yanvar bəyanatında tapıb. Bu sənədlərdə göstərilən müddəaların icrası məsələsi gündəmə gələcək. Azərbaycan tərəfi olaraq İlham Əliyev kimin günahı üzündən bu müddəaların icra olunmadığını sorğulayacaq. İlk növbədə Ermənistanın, ikinci növbədə isə vasitəçiliyi öhdəsinə götürən Rusiyanın bu öhdəliklərə niyə əməl etmədiyi əsas müzakirə predmeti olacaq. Onlar niyə öz imzasına hörmətlə yanaşmır?".
Deputat bildirib ki, görüşdə digər məsələlər də müzakirə ediləcək:
"Qələbədən bir il keçməsində baxmayaraq Azərbaycanın Qarabağ bölgəsində, Xankəndində, Xocalıda, Xocavəndin bir hissəsində və keçmiş Ağdərə rayonu ərazisində hələ də "Artsax" adlı separatçı terror qurumu fəaliyyətinə davam edir. Bunun səbəbi nədir və onları kim himayə edir? Onların təhlükəsizliyini kim təmin edir və hansı hüquqla Azərbaycan ərazisində mövcuddur? O qurum niyə ləğv edilərək cinayətkarları həbs edilmir? Ərazimizdə separatçı qurumun naziri, parlament rəhbəri Fransaya rəsmi görüşlərə gedir. Bu qəbulolunmaz faktdır. Azərbaycan bu məsələni ciddi şəkildə ortaya qoyacaq. Sərhədlərin müəyyənləşməsi mövzusu da gündəmdə olacaq. Zəngəzur dəhlizi ilə bağlı görüşdə müzakirələr aparılacağı da ehtimal edilir. Bu Azərbaycanın tələbidir. Adını çəkdiyimiz sənədlərdə bu məsələlər xüsusi qeyd olunub. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneə törədirsə, biz də Qarabağda qalan ermənilərin qida borusu olan Ermənistanla əlaqəsini təmin edən Laçın dəhlizini bağlayarıq. Azərbaycan bunu da edə bilər. Təbii ki, gedişata uyğun olaraq görüşdə digər məsələlərin də müzakirəsi mümkündür".
Politoloq Qabil Hüseynli bildirib ki, bu çox əhəmiyyətli bir görüşdür:
"Bu görüş sülhyaratma prosesində mühüm bir mərhələnin başlanğıcı qoyula bilər. Kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələr aparılacaq. Bu istiqamətdə komissiyaların yaradılması prosesinə başlanılacaq. Beləliklə sülh sazişinin imzalanmasına doğru əhəmiyyətli addımların atılması gözlənilir. Ermənistan həmişə olduğu kimi yenə də qeyri-konstruktiv addımlar atmağa davam edir. Yəqin ki, müzakirə masasında bu yaxınlarda Azərbaycanın milli ordusuna hücum çəkən və əsir düşən erməni əsirlərinin qaytarılması kimi məsələlər də qaldırılacaq. Bu məsələ ətrafında Azərbaycanın mövqeyi bəllidir. Paşinyanın güddüyü digər məsələlərdən biri də Dağlı Qarabağ separatçıların müzakirəsini də gündəmə gətirməkdir. Zənnimcə o, bu mövzunu gündəmə gətirə bilməyəcək. Əks halda bu görüş baş tutmaya bilər. Bir sözlə sabahkı görüşdən gözləntilər böyükdür və biz buna nail olacağıq".
Şəbnəm Mehdizadə