"Paşinyanın ya başı çatmır, ya da həyasızlığının ölçüsü yoxdur..." - Deputat

"Ermənistan hökumətinin bu qərarı həyasız bir demarşdı, bizə meydan oxumaqdı".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Ermənistanın hökumətinin qərarı ilə "Artsax Respublikası"na dövlətlərarası kredit formasında 12 milyard dram kredit və 1,5 milyard dram isə bağışlama müqaviləsi əsasında vəsait ayırmasına münasibət bildirərkən deyib.
"Düşünürəm, Soçi görüşündə bunun hesabı sorulacaq və Ermənistandan tələb olunacaq ki, burnunu Azərbaycanın daxili işlərinə soxmasın. Bu həm də onu göstərir ki, Paşinyanın ya başı çatmır, ya da həyasızlığının ölçüsü yoxdur. Bir gün öncə deyir ki, Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildən tanıyırıq, o biri tərəfdən qondarma rejimə dövlətlərarası müqavilə əsasında kredit ayırır" - deyən Q.Həsənquliyevin sözlərinə görə, Ermənistanın Baş naziri bununla da bəyan edir ki, Ermənistan "Artsax"ı müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi tanıyır, Azərbaycanın isə ərazi bütövlüyünü tanımır:
"Bunun cavabı olmalıdır. Sabah Soçidə hər hansı bir sənəd imzalanacaqsa, Azərbaycan tələb etməlidir ki, beynəlxalq təcrübəyə uyğun olaraq həmin sənəddə müharibədən sonra dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması öz əksini tapsın. Azərbaycan tələb etməlidir ki, Ermənistan Qarabağdakı ermənilərin yaratdığı qondarma qurumla dövlət kimi əlaqələr qurmasına son qoysun, Azərbaycanın daxili işlərinə müdaxilə etməsin və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına mane olmasın. Əks halda həm Azərbaycan, həm qardaş Türkiyə Ermənistanla hər cür əməkdaşlıqdan, o cümlədən Azərbaycan sərhədlərin demarkasiya olunması və kommunikasiyaların açılması istiqamətində əməkdaşlıqdan imtina etməlidir. Ardınca 10 noyabr sazişi Ermənistan tərəfindən pozulduğu üçün Laçın dəhlizində gömrük keçid məntəqəsi yaradılmalı və Dövlət Sərhəd Xidməti fəaliyyətə başlamalıdır. Yalnız qondarma rejimlə heç bir əlaqəsi olmayan Qarabağ ermənilərin Ermənistana gediş-gəlişinə icazə verilməlidir. 10 noyabr sazişində Qarabağ ermənilərinə status verilməsinə dair hər hansı müddəa yoxdur. Proseslərin gedişi göstərir ki, Ermənistanın başına yalnız dəmir yumruq vurmaqla onu öz öhdəliklərini icra etməyə məcbur etmək olar".
Xatırladaq ki, Ermənistan hökuməti Qarabağdakı separatçılara növbəti irihəcmli maliyyə yardımı ayırıb. Bu haqda hökumətin iclasında bildirilib. Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan elan edib ki, Qarabağa 13 milyard 533 milyon dram məbləöində yardım ediləcək. Bu yardım əmlak, pensiya, kommunal xidmətlər üzrə ödənişlərə yönəldiləcək (moderator.az).