"Bakı yenə İrəvanı qabaqladı” - Ermənistan mətbuatı

“Bakı növbəti dəfə İrəvanı qabaqlayıb”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşr yazır ki, ötən gün Rusiyanın Kemerovo vilayətində mədəndə baş vermiş faciə ilə əlaqədar olaraq dünən Azərbaycan Prezidenti İlham Əliyev, bu gün isə Xarici İşlər Nazirliyi Rusiyaya öz başsağlığını verib.
Bildirilir ki, İlham Əliyevin ünvanladığı başsağlığı məktubu həm Azərbaycan, həm də Rusiya mətbuatında dərc olunub. Bununla belə, nə Ermənistanın Baş nazirinin, nə də Xarici İşlər Nazirliyinin saytında Rusiyaya ünvanlanan başsağlığı məktubu yer almayıb.
“Rusiya bizim üçün strateji tərəfdaşdır. İnsanlıq bir yana, rəsmi başsağlığı xüsusilə də bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda diplomatik bir addımdır. Bu kiçik bir detal kimi görünsə də, lakin belə deyil. Bakı yenə İrəvanı qabaqladı. Və Ermənistandan indi Rusiyaya başsağlığı verilsə, bu, “qazı bitmiş mineral suya” bənzəyəcək. İrəvanın bu yöndəmsiz işi nə qədər davam etdirəcəyi isə məlum deyil”, - deyə qəzet yazıb.
Qeyd edək ki, Rusiyada mədəndə baş verən partlayış nəticəsində 52 nəfər həlak olub, daha 63 nəfər xəsarət alıb.