Deputatdan sülhməramlılara ETİRAZ: "Elə bil ki, dədələrinin heykəlini qoyurlar"

 10:35 03.12.2021     1680

Xəbər verdiyimiz kimi, srağagün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Xankəndi şəhərində erməni əsilli rus rəssam İvan (Hovhannes) Aivazovskiyə heykəl qoyublar. Büstün yaradıcısı rus heykəltəraş Mixail Serdyukovdur. Heykəlin açılışını etmək Rusiya sülhməramlı kontingentinin humanitar cavab mərkəzinin zabiti mayor Sergey Lazevə tapşırılıb. 

Qeyd edək ki, bu, Rusiya sülhməramlılarının Xankəndidə ucaltdıqları ikinci heykəldir. Belə ki, bundan öncə onlar özlərinə heykəl qoymuşdular. Bu dəfə isə erməni rəssama heykəl ucaldıblar. 

Göründüyü kimi, Rusiya sülhməramlıları ərazilərimizdə öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğuldular. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Rusiya sülhməramlıları Qarabağda ermənilərə təkcə heykəl qoymurlar. Deputatın sözlərinə görə, orada ermənilərin xeyrinə çox iş görülür:

“Sülhməramlılar Qarabağdakı separatçı qurumla çox sıx şəkildə əməkdaşlıq edir. Hətta ruslar Qarabağda erməniləri himayə edir, onların təhlükəsizliyini təmin edərək separatçı fəaliyyətini dəstəkləyir. Rusiya ilə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir. Soçi görüşündə də Zəngəzur dəhlizi və sərhəd məsələsinin həll olunmasında Rusiya özünün ədalətli mövqeyini ortaya qoydu. Bu şərtlərin yerinə yetirilməsi Ermənistandan da tələb olundu. Lakin buna baxmayaraq Putin həmin görüşdə bildirdi ki, oradakı sülhməramlıların köməyi ilə müharibədən sonra qısa müddətdə 53 min qaçqın öz evinə geri qaytarılıb. Sual olunur, 53 min qaçqın kim idi? 5-10 gün əvvəl qaçıb gedən erməniləri geri qaytardılar. Bu rəqəmin nə dərəcədə real olduğunu deyə bilmərəm. Fakt budur ki, həmin erməniləri oradan-burdan yığıb ərazilərimizə doldurdular. Əgər qaçqınların qeydinə belə qalırsınızsa, biz də 30 ildir öz ev-eşiyimizdən didərgin düşmüşük. Bizim öz yurd-yuvamıza qayıtmağımızla bağlı heç kim narahatlıq keçirmir”.

Deputat bildirib ki, sülhməramlılar ərazimizə qədəm qoyduğu gündən ermənilərin təhlükəsizliyini təmin edərək onlara humanitar yardımlar edirlər: 

“Ermənilərə orada bağçalar, tibb məntəqələri, məktəblər, kilsələr tikilir və münbit şərait yaradılır. Elə bil ki, dədələrinin heykəlini qoyurlar. Bunların hamısı bölgədə daimi sülhün olmasına təhlükə mənbəyidir. Sülhməramlıların, əslində erməniməramlıların o hərəkətləri separatçıların güclənməsinə səbəb olur, ermənilərə ümid verir. Yaxın gələcəkdə həmin separatçılar Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevriləcək. Ona görə də vaxtkən başımıza çarə qılmalıyıq. Dağlıq Qarabağdakı separatçıların kökü mütləq kəsilməlidir. O qurum ləğv olunmalı və cinayətkarlar cəzalarına çatmalıdır. Ərazimizdə olan və Ermənistan dövlətinə məxsus qeyri-qanuni hərbi birləşmələr tərksilah olunmalıdır. Çünki cinayətkar separataçı qurum əvvəl-axır ciddi problemin yaranmasına gətirib çıxaracaq. Sülhməramlılar o heykəlləri qoymaqla birbaşa Azərbaycanın qanunlarını pozur, ərazi bütövlüyümüzə hörmətsizlik edirlər. Bütün bunların sülhməramlı missiyasına heç bir aidiyyəti yoxdur. Hesab edirəm ki, bu məsələyə yüksək səviyyədə cavab verilməlidir”.

Şəbnəm MEHDİZADƏ