Deputat köçkünlərin Xankəndi və Xocalıya qayıdacağı vaxtı AÇIQLADI

 16:24 08.12.2021     4176

Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Lakin qarşıda həllini gözləyən bir sıra məsələlər var. Bunlardan ən vacibi isə 30 il əvvəl öz yurd-yuvasından didərgin düşən məcburi köçkünlərin doğma torpaqlara qayıtması ilə bağlıdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən 2020-ci il 10 noyabr tarixində imazlanan bəyanatın 8-ci bəndinə əsasən məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıtmalı idilər. Lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq, BMT bu məsələ ilə bağlı hər hansı bir təşəbbüs göstərməyib və azərbaycanlı köçkünlər hələ də öz torpaqlarına qayıtmayıb. Əvəzində isə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələri 44 günlük savaş dövründə Qarabağdan Ermənistana qaçan erməniləri geri qaytarmaqla məşğuldur...

Əlbəttə, Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərdə quruculuq işlərinə başlayıb və proses davam edir. Lakin hələ də işğala qədər azərbaycanlıların yaşadıqları Xankəndi və Xocalı şəhərləri, Xocavənd, Şuşa, keçmiş Ağdərə rayonlarının kənd və qəsəbələri erməni separatçılarının nəzarəti altındadır və bu ərazilərə azərbaycanlıların qayıdışı barədə danışılmır. 

Bəs görəsən, sözügedən bəyanatın bu bəndi niyə icra edilmir? BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu prosesə nə vaxt başlayacaq?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Məmmədov cavablandırıb. O bildirib ki, işğaldan azad edilmiş ərazilərə qaçqınların qayıtması ilə bağlı lazımi işlər görülür:

“İşğaldan azad edilmiş ərazilərdə mina təmizlənmə işi prioritetdir. Kəndlər, şəhərlər tədricən bərpa olunur, infrastruktur yenidən qurulur. Qarabağa qayıdış hissə-hissə başlanacaq. Bizim əsas problemimiz Xankəndi, Xocalı, Xocavəndin bir hissəsi və keçmiş Ağdərə rayonu ərazisi ilə bağlıdır. 1992-ci ildə Ağdərə rayonu ləğv olundu. Onun ərazisi Ağdam, Kəlbəcər, Tərtər rayonları arasında bölündü. Əsas məsələ məcburi köçkünlərin bu ərazilərə qayıdışı ilə bağlıdır. O ərazilərdə bu gün nəzarət müvəqqəti də olsa Rusiya sülhməramlılarındadır. Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, bizim köməyimizlə 53 min qaçqın o ərazilərə qaytarılıb. Sual olunur ki, bu 53 min qaçqın kim idi? Onlar öz günahı ucbatından baş verən 44 günlük müharibə dövründə öz evindən qaçan ermənilər idi. Putinin rəhbərlik etdiyi dövlətin hərbçiləri onları səpələndikləri yerlərdən yığıb geri qaytardı. Bu rəqəmin həqiqəti nə dərəcədə əks etdirdiyini deyə bilmərəm. Erməni işğalı nəticəsində 30 ildir azərbaycanlılar öz yurd-yuvasından didərgin düşüb. Bizim qaytarılmağımızla bağlı niyə heç bir fikir bildirmirsiniz? Əgər Rusiya ədalətli mövqe sərgiləyirsə, bu gün ərazilərimizdə olan separatçılarla hərbçiləriniz niyə əməkdaşlıq edir?"

Deputat bildirib ki, bu məsələ ilə bağlı nə BMT, nə ATƏT, nə də sülhməramlı missiyasını öhdəsinə götürən Rusiya bir kəlmə də danışmır:

“Azərbaycan 44 günlük müharibədə ərazi bütövlüyümüzü təmin etdiyi kimi bu işi də özü həll edəcək. Azərbaycan bu səlahiyyətə və hüquqa malikdir. Bu gün cinayətkar separatçı qurum rus hərbçilərinin himayəsi ilə ərazilərimizdə öz fəaliyyətini davam etdirir. BMT 28 il ərzində özünün verdiyi dörd məlum qətnaməni icra etmədiyinə görə Azərbaycan məcbur olub bu qətnamələri özü icra etdi. 10 noyabr, 11 yanvar və Soçi görüşündəki razılaşmalarda yer alan, lakin Rusiya və Ermənistanın yerinə yetirmək istəmədiyi öhdəliyi də, Azərbaycan anti-terror əməliyyatları keçirməklə separatçıları ərazilərimizdən təmizləyəcək. Bundan sonra biz öz yurd-yuvamıza geri qayıdacağıq”.

Politoloq Cümşüd Nuriyev bildirib ki, qaçqınların geri qaytarılması BMT-nin qaçınlar üzrə Ali Komissarlığı nəzarəti altında həyata keçirilməlidir. Lakin BMT Qarabağla bağlı 4 qətnaməni necə icra edibsə, bu bəndi də o cür icra edir:

“Bununla da BMT bizə qarşı öz ədalətsiz münasibətini göstərir. Azərbaycanlılar öz doğma kəndlərinə qayıtmalıdır. Bu bəndin yerinə yetirilmədiyi müddətdə soydaşlarımızın öz torpaqlarına qayıtması mümkünsüzdür. Digər bir məsələ isə ermənilərin azərbaycanlıların kəndlərini demək olar ki, xarabalığa çevirməsidir. O kəndlərə qayıtmaq üçün heç bir şərait yaradılmayıb. Bu şəraiti indi Azərbaycan özü yaradır. İnşallah yanvar ayında ilk dəfə "Ağıllı kənd" layihəsi olan Zəngilanın Ağalı kəndinə qayıdış gözlənilir. Daha sonra Azərbaycan yəqin ki, bu məsələləri bir qədər də sürətləndirəcək. BMT-nin Ali Komissarlığı olmasa da, Azərbaycan Qarabağ problemini həll etdiyi kimi qaçqınların geri qayıtmaq problemini də özü həll edəcək”.

Şəbnəm Mehdizadə