"Paşinyanın bəyanatları ilk növbədə Ermənistan cəmiyyətinə lazımdır" - Tofiq Zülfüqarov

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirib və bir sıra ciddi bəyanatlar verib. Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub.
“Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz”, - deyə o, məxfi məlumatları açıqlamalı olduğuna işarə edib.
Paşinyanın bəyanatını Redaktor.az-a şərh edən keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, belə bəyanatlar ilk növbədə Ermənistan cəmiyyətinə lazımdır:
“Ermənistanın hökumət başçısının Azərbaycan ərazisi barəsində hansısa fikirlər səsləndirməsi beynəlxalq hüquqa ziddir. Digər tərəfdən onun mətbuat konfransında səsləndirdiyi fikirlər Ermənistanın elitasından başqa hamıya bəlli olan məsələlərdir. Sadəcə olaraq 30 il ərzində erməni elitası özünün yaratdığı fantaziyaların içərisində yaşayırdı. Hərbi məğlubiyyətdən sonra onlar məcbur olub reallığa qayıtdılar. İndi bu proses gedir. Azərbaycan sülhə hazırdır. Lakin hansısa revanşist əməllər olarsa, biz bunun da dərhal cavabını verməyə hazırıq. Azərbaycan dəfələrlə sülh çağırışları edib. Şuşa bəyannaməsi imzalanarkən həm Azərbaycan Prezidenti İlham Əliyev, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhün bütün tərəflərə xeyirli olacağına dair fikirlər səsləndirib. İndi Azərbaycan Ermənistandan normal siyasət görərsə, sülh bərqərar ola bilər. Yəni Paşinyanın belə bəyanatları ilk növbədə Ermənistan cəmiyyətinə lazımdır".
Şəbnəm Mehdizadə