"Sülhməramlıların rədd olub getməsinin yollarını axtarıb tapmalıyıq" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Fransa prezidentliyinə namizəd, Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekress gizli şəkildə Xankəndiyə gəlib və Dağlıq Qarabağı ziyarət edib. Azərbaycan Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb. Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Bütün hallarda bu şəxslərin Xankəndiyə getməsinə icazə verən şəxslər sülhməramlılardır. Maraqlıdır, bu məsələ ilə bağlı sülhməramlılara rəsmi səviyyədə niyə etiraz edilmir?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırb. O bildirib ki, bu, Rusiya sülhməramlılarının Azərbaycana qarşı birinci və sonuncu haqsız hərəkəti deyil:
"Ölkənin suverenliyinin bir hissəsi olan Dağlıq Qarabağ Fransanın ən avantürist yaramaz və siyasətçisinin millət vəkilləri ilə birgə gəlməsi və təxribat xarakterli fikirlər səsləndirməsi heç bir əndazəyə sığışmır. Biz Fransaya nota verdik. Həmin şəxslər "qara siyahı"ya daxil edildi. Lakin bu baş verənlər bizim üçün qəbuledilməzdir. Arayik Arutyunyan və onun dəstəsi belə hallardan ilham alır və Azərbaycana qarşı mövqelərini kəskinləşdirirlər. Düşünürəm ki, Laçın dəhlizinə təkcə sülhməramlı qüvvələr nəzarət etməməlidir. Suverenliyimizi Laçın dəhlizində bərpa etməyə başlamalıyıq. Kilsə tikmək, heykəl qoymaq və digər addımlar onu göstərir ki, sülhməramlılar buraya sanki əbədi olaraq gəlib. Onların etdiyi hərəkətlər sülhyaratma prosesinə zərbə vurmaqla yanaşı qarşıdurmanı daha da dərinləşdirir".
Politoloq bildirib ki, bu məsələlərlə bağlı Azərbaycan xalqının ürəyi doludur. Azərbaycan hakimiyyətinin də ciddi narazılıqları var:
"Bu məsələnin həlli qarşıda duran ən vacib məqamlardan biridir. Ermənistanla sülh müqaviləsinin imzalanma prosesi müəyyən həddə çatdıqdan sonra bu məsələ ilə bağlı öz mövqeyimizi ortaya qoya biləcəyik. Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında bəzi siqnallar verdi. O dolayı yolla da olsa bildirdi ki, beynəlxalq müqavilələrə əsasən Qarabağ Azərbaycanın tərkib hissəsidir. Beləliklə Paşinyan göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdı. Biz indi tədricən, ustalıqla və diplomatik yolla Rusiya sülhməramlıların buradan rədd edilib getməsinin yollarını axtarıb tapmalıyıq. Bu yolu mütləq tapacağıq".
Şəbnəm Mehdizadə