İlham Əliyev İsrailə dəvət olundu

 19:59 27.12.2021     796

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib.

Redaktor.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

İsrail Dövləti və xalqı adından 60 illik yubileyiniz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram. Yəhudi ənənəsində deyildiyi kimi, 120 il yaşayasınız!

Xalqlarımız arasında münasibətlər onların tarixi qədər qədim və möhkəmdir. Sizin xalqınız müsəlman-yəhudi birgəyaşayışının parlaq nümunəsidir. Azərbaycanda yəhudilərin qardaş və bacı kimi sülh və harmoniya şəraitində yaşayışının uzunömürlü mirası vardır. Təəccüblü deyil ki, Azərbaycan əsilli yəhudilərin Sizin xalqınızla böyük bağlılığı mövcuddur.

Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, maliyyə sabitliyi və nüfuzlu diplomatiya ilə tərəqqi etmişdir. Sizin koronavirus pandemiyası ilə mübarizədə heyrətamiz addımlarınız səmərəli rəhbərliyinizin yalnız bir nümunəsidir. İnanıram ki, Azərbaycan Xəzər dənizi regionunda əlaqələrin normallaşdırılmasında həlledici rol oynaya bilər.

İcazə verin, Zati-alinizi İsrailə səfərə dəvət edim. Sizi İsraildə qəbul etmək mənim üçün həqiqətən xoş olacaqdır və bu, xalqlarımız arasında əhəmiyyətli təməl daşı olacaqdır. Həmçinin bu il biz Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid edirik. Bu, Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının təbii davamı olardı.

Bir daha 60 illik yubileyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. İsrail xoşbəxtdir ki, Sizin kimi dostu var və mən prezidentlik dövrümdən istifadə edərək xalqlarımız arasında əlaqələrin genişləndirilməsinə və dərinləşdirilməsinə çalışacağam”.