"Arutyunyanın bu fikirlərinə görə cinayət işi başladılmalıdır" - Hikmət Məmmədov

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirib və bir sıra ciddi bəyanatlar verib. Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub.
“Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz”, - deyə o, məxfi məlumatları açıqlamalı olduğuna işarə edib.
Paşinyanın Dağlıq Qarabağın beynəlxalq hüquqa, BMT qanunlarına əsasən Azərbaycanın tərkib hissəsi olduğunu faktiki olaraq etiraf etdikdən sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdəki separatçı rejimin rəhbəri Arayik Arutyunyan bəyanat verərək Paşinyana "müharibə" elan edib.
O, bildirib ki, "Artsax" ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərt və güzəştlərə tabe deyil, bu məsələnin müstəsna sahibi "Artsax" erməniləridir.
"Beləliklə, yalnız Artsax Respublikasının hakimiyyəti Artsax xalqı adından danışmaq hüququna malikdir. Artsax Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması məqsədi bizim əsas istiqamətimizdir, heç bir hökumət ondan kənara çıxa bilməz. Ona görə də Artsax xalqı və hakimiyyəti bizim məqsədimizə çatana qədər heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcək", - deyə separatçıların lideri bildirib.
Bəs görəsən, Paşinyan məlum açıqlamaları ilə nə demək istəyir? Həmçinin separatçı rejimin rəhbəri kimə güvənib belə bir bəyanat verir?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Hikmət Məmmədov cavablandırıb. O bildirib ki, Paşinyan bu fikirləri ilə yeni yaranmış vəziyyətə praqmatik yanaşaraq Ermənistanın baş naziri kimi rəsmi mövqeyini ifadə edib:
“Paşinyan bu fikirləri ilə 30 ilə yaxın davam edən danışıqlarda Azərbaycanın nə qədər prinsipial mövqedən çıxış etdiyini və ərazi bütövlüyü məsələsində əsla güzəştə getmədiyini etiraf etmiş oldu. Məsələ burasındadır ki, bu gün Ermənistan cəmiyyətində müxtəlif fikirlər, revanşist cəhdlərin və radikalların olmasına baxmayaraq ermənilərin Azərbaycanın yaratdığı reallığı qəbul etməkdən başqa çarəsi yoxdu. Əslində Paşinyan bu ifadələrlə öz siyasi karyerasını təhülkəyə ataraq həqiqəti etiraf edib. Paşinyan etiraf edib ki, onun sələfləri olan Köçəryan və Sarkisyan bu məsələdə Azərbaycandan heç vaxt güzəşt qopara bilməyib. Lakin Ermənistan ictimai rəyinin idarə olunması və doğru əsaslarla formalaşması üçün mühüm bir açıqlama idi”.
Deputat bildirib ki, Arayik Arutyunyanın verdiyi bəyanatın heç bir əhəmiyyəti yoxdur:
“O, sadəcə Ermənistanda onsuz da kəskin qarşıdurma vəziyyətində olan Qarabağ erməni klanının münasibətlərini daha da kəskinləşdirir. Bu fikir ayrılığını daha da dərinləşdirir. O, öz icmasının gözündə qəhrəman kimi görünməyə çalışır. Lakin zaman və mövcud siyasi reallıqlar tamamilə fərqlidir. Arutyunyan əslində bu sözlərinə görə Azərbaycan qanunları qarşısında cavab verəcək. Çünki Azərbaycanın ərazi bütövlüyünü yenidən hədəfə alaraq separatçı fikirlərlə çıxış edir. Hesab edirəm ki, onun bu fikirlərinə görə yenidən Azərbaycan Baş Prokurorluğunda cinayət işi başladılmalıdır. Biz onsuz da bilirik ki, hərbi-terrorçu cinayətkar kimi onunla bağlı cinayət işi var və o beynəlxalq axtarışdadır. Lakin yeni fikirləri yeni cinayət işi üçün əsas yaradır”.
Şəbnəm MEHDİZADƏ