"Qiymətlər kəllə-çarxa vurub" - Deputat hökumətə SƏSLƏNDİ

 16:03 05.01.2022     4219

"Maaşların, təqaüdlərin və pensiyaların hazırki məbləği ölkədəki qiymət artımları ilə adekvat deyil".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Millət vəkilinin sözlərinə görə, pensiya və maaşlardakı artımın nə qədər olmasından asılı olmayaraq bazarda qiymətlər daha sürətlə qalxır.

"Necə deyərlər qiymətlər kəllə-çarxa vurub. Düzdür, qiymət artımı dünyada gedən proseslərlə bağlıdır. Lakin əhalinin alıcılıq qabiliyyəti aşağı düşəndə ciddi iqtisadi böhrana gətirib çıxaracaq. Ona görə də bu məsələ üzərində hökumət çox ciddi şəkildə düşünməlidir. Hökumət təcili şəkildə vətəndaşın vəziyyətini yüngülləşdirən addımlar atmalıdır. Əks halda böyük narazılıq elementləri üzə çıxa bilər. Ötən ildən bəri dünya bazarında ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Lakin ötən il hökumət subsidiyalarla unun və çörəyin qiymətinin bahalaşmasının qarşısını ala bildi. Lakin bu il iqtisadi çətinliklər yaratdığına görə bu addım atılmadı”.

Fazil Mustafa bildirdi ki, əhalinin vacib ərzaq məhsullarını alması və vəziyyətinin yaxşılaşdırılması üçün fərqli addımlar atılmalıdır:

“İlk növbədə pensiya və maaşların məbləği qiymət artımına adekvat olmalıdır. Digər tərəfdən yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi həll olunmalıdır. Özəl sektora yaradılan süni maneələr aradan qalxmalıdır. Tikinti sektoru hazırda dayanıb. İstehsalla bağlı vəziyyət elədir ki, sahibkarlar ölkədən qaçır. İş görməyə o qədər maneələr var ki, heç kim bu sahəyə yaxınlaşmaq istəmir. Çünki heç bir təminat da yoxdur. Ona görə də qiymətlərin azaldılması istiqamətində işlər görülməlidir. Çörək, un, düyü və digər gündəlik tələbat məhsullarının qiymətinin bahalaşmasının qarşısını almaq üçün konkret və inandırıcı tədbirlər görülməlidir. Əks halda sosial narazılıq artacaq. Təxribatçılar isə bu vəziyyətdən sui-istifadə edəcək”.

Şəbnəm Mehdizadə