"Radikal dairələr Qazaxıstan hadisələrinin Azərbaycanda təkrarlanması üçün ssenarilər qurur" - Deputat

 15:15 06.01.2022     1854

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində maye qazın qiymətinin artmasına etiraz aksiyaları başlayıb. Daha sonra etiraz aksiyası daha da böyüyərək digər şəhərləri və bütövlükdə ölkəyə yayıldı. Dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)  müraciət etdi.  

Qazaxıstanda əslində nə baş verir? Sülhməramlıların ölkəyə cəlb olunması nədən xəbər verir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisi deputatı Elman Nəsirov cavablandırıb. O bildirib ki, Qazaxıstanda baş verən hadisələr hazırda dünyanın siyasi dairəsini narahat edən ən əsas məsələlərdəndir:

“İlk gəlinən nəticə belə idi ki, insanlar sosial zəmində etiraza qalxıb. Qazın qiymətinin birdən-birə 2,1 dəfə artması xalqı həyəcanlandırdı və hər kəs küçələrə axışdı. İlkin dövrdə bu kimi qiymətləndirmələr daha geniş yayılmışdı. Lakin sonradan vəziyyət dəyişdi. İndi daha obyektiv qiymətləndirmə aparmaq üçün şərait yaranıb. Məsələ burasındadır ki, Tokayev prezident olaraq iğtişaşçıların tələbini demək olar ki, yerinə yetirdi. Əvvəlki qiymətlər bərpa edildi. Nazarbayev Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefaya getdi. Hökumət istefaya göndərildi. Məntiqlə iğtişaşçılar öz tələblərini irəli sürüb ona nail olmuşdular. Bundan sonra proseslər səngiməli və hər şey əvvəlki vəziyyətinə qayıtmalı idi. Lakin biz əks proseslərə şahidlik etdik. Qazaxıstanın qərbində başlayan iğtişaşlar bütün ölkəyə yayıldı. 10 minlərlə mağazalar qarət edildi, hökumət binaları ələ keçirildi və yandırıldı. Hər iki tərəfdən xeyli itkilər var. Belə olan vəziyyətdə Tokayevin iki dəfə xalq müarciəti də nəticə vermədi. Real vəziyyəti qiymətləndirən Tokayev Təhlükəsizlik Şurasının rəhbərliyini də öz üzərinə götürdü və KTMT-ə müraciət etdi. Müraciətində əsas tezis ondan ibarət idi ki, bu iğtişaşlarda xaricdə təlim keçmiş və öyrədilmiş quldurlar, terrorçular iştirak edir. Bu, iğtişaşların bütün mahiyyətini dəyişdi. Çünki əvvəl sosial tələblər irəli sürülmüşdü və onlar yerinə yetirildi. İndi isə onlar siyasi hakimiyyəti zəbt etmək niyyətindədir. Onlar dağıdıcı fəaliyyət göstərir. Belə olan təqdirdə KTMT hərbi siyasi təşkilatının hərbi qüvvələrinin Qazaxıstana göndərilməsi qərara alınıb. Situasiya artıq dəyişməkdədir. Artıq vəziyyət xaricdən terror hücumu kimi qiymətləndirilir. KTMT-nin nizamnaməsinin dördüncü bəndinə görə üzv dövlətlərdən birinə təcavüz olarsa, təşkilat onun müdafiəsinə qalxmalıdır. Qazaxıstanda baş verən hadisələrdə məlum oldu ki, xaricdə çox güclü hazırlıq keçmiş təşkilatlanmış müəyyən qruplardan və qüvvələrdən istifadə olunub. Onlar əlaqələndirilmiş şəkildə ölkənin müxtəlif hissələrində və konkret ssenari əsasında fəaliyyət göstəriblər. Bu bir terror əməlidir. Belə olan vəziyyətdə təhlükənin xaricdən gəldiyini nəzərə alaraq KTMT-nin öz müttəfqinin yanında yer alması məntiqidir və belə də oldu". 

Deputat bildirib ki, bu prosesdə diqqəti çəkən başqa bir məqam var:

“Azərbaycanda radikal siyasi dairələr, eyni zamanda xaricdə mühacir olan müəyyən qruplaşmalar Qazaxıstan hadisələrinin Azərbaycanda təkrarlanmasını müzakirə edir, ssenarilər qurmağa başlayıb. Bunlar hamısı absurd yanaşmalardır. Azərbaycanda güclü xalq-hakimiyyət birliyi var. Azərbaycan xalqı prezidentinin ətrafında monolit birləşib. Xalqın 30 illik torpaq həsrətinə Ali Baş Komandan son qoyub. İlham Əliyev dünyanın ən güclü siyasi liderlərindən biri kimi qəbul edilir. Radikal dairələrin bu ssenarilərin Azərbaycanda da təkrarlanması niyyəti həmişəki kimi ürəyində qalacaq. Azərbaycan xalqı və hakimiyyəti belə sınaqlardan çox çıxıb. Azərbaycan sabit inkişaf edən ölkədir. Azərbaycan dövləti sosial yönümlü dövlətdir və prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bəzi siyasi dairələr tələm-tələsik sevinib. Vaxtilə neftin bir barelinin qiyməti 15 dollara düşəndə də onlar bir-birinə gözaydınlığı verirdilər. Onların arzuları gözlərində qaldı”.

Şəbnəm Mehdizadə