Sülhməramlıların Qazaxıstana yerləşdirilməsi sabah başa çatacaq

 23:15 06.01.2022     805

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı bölmələrinin Qazaxıstana yerləşdirilməsi cümə günü başa çatacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə təşkilatın baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.

"Düşünürəm ki, sabah gün ərzində biz bütün digər sülhməramlı birləşmələrimizin yerləşdirilməsini tədricən başa çatdıracağıq", - katib deyib.

S.Zas qeyd edib ki, Rusiya sülhməramlılarının əsas qrupu artıq Qazaxıstandadır və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə başlayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının yeridilməsi daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xahiş edib. O, ölkədəki vəziyyəti “xaricdən təlim keçmiş quldur birləşmələrinin basqını” adlandırıb. Bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.

"Hazırda orada baş verən hadisələr ölkənin təhlükəsizliyinə, sabitliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır. Ona görə də belə müraciət daxil olub, dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və bundan istifadə etmək üçün müvafiq qərar qəbul edilib. KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür",- Zas deyib.

Təşkilatın baş katibi qeyd edib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər.

"Kollektiv sülhməramlı qüvvələrin qruplaşmasının ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərarlara əsasən, 2 500-ə yaxın insan var",- Zas bildirib.

Eyni zamanda o qeyd edib ki, sülhməramlılar vəziyyətə uyğun çıxış edəcəklər.