"Qazaxıstan kimi topu-topxanası olan bir dövlət niyə onun qarşısını ala bilmədi?" - Deputat

 17:18 07.01.2022     2891

Xəbər verdiyimiz kimi, yanvarın 11-də Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək. İlkin məlumata görə videokonfrans formatında baş tutacaq iclasın əsas mövzusu Qazaxıstandakı vəziyyət olacaq.

Bəs görəsən, bu görüşdə hansı qərarlar qəbul edilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Razi Nurullayev cavablandırdı. O bildirdi ki, Qazaxıstanın suverenliyi və müstəqilliyi bu təşkilatın iclasında geniş müzakirə ediləcək:

“Görüşdə hansı qərarların qəbul olunacağını əvvəlcədən demək çətindir. Amma hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı ilk gündən beynəlxalq aləm üçün müəyyən bəyanatlar səsləndirməli idi. Türk dünyası bu mövzuda fəallıq göstərməlidir. Lakin biz bunun şahidi olmadıq. Digər tərəfdən Rusiyanın Kollektiv Təhülkəsilzik Müqaviləsi Təşkilatını (KTMT) nizamnaməsinə əsasən rus sülhməramlılarının Qazaxıstana yeridilməsi xoş bir məsələ deyil. Qazaxıstan kimi güclü dövlətin ordusu, sialhı, polisi var. Əgər bu xarici aqressiya idisə, Qazaxıstan kimi topu-topxanası olan bir dövlət niyə onun qarşısını ala bilmədi? Daxildə baş verən bu arqessiyanın xarici aqressiya adı altında digər ölkələrin qoşunlarını öz ölkələrinə dəvət etmək, ölkə rəhbərləyinin özünü pis vəziyyətə qoydu”.

Deputat qeyd etdi ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qərarları anlaşılan deyil:

“Hər halda Qazaxıstanın bu qərarı digər Türk dövlətlərini də narahat edir. Qazaxıstanın suverenliyi və müstəqilliyi bu təşkilatın iclasında geniş müzakirə ediləcək. Qazaxıstana kömək və bundan sonrakı münasibətlərin qurulması və digər məsələlər də yəqin ki, Qazaxıstanın iştirakı ilə müzakirə olunacaq. Rusiya sülhməramlıların Qarabağda göstərdikləri münasibətdən biz narazıyıq. Hesab edirəm ki, qazax xalqı da onlardan narazı qalacaq. Əslində sülhməramlı və sülhyaradan qüvvə silahlı olmamalıdır. Kimsə əlində silahla sülhməramlılıq edirsə, o güc və maraqlar üzərində qurulan hərbi aksiyadır”.

Şəbnəm Mehdizadə