"Orada genişmiqyaslı hərbi əməliyyat aparmaq yararsızdır" - Zahid Oruc

“Hazırda Ermənistanın vahid siyasi hakimiyyəti və ona tabe olan hərbi qüvvələri haqda danışmaq yanlış olar".
Bunu Redaktor.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Ermənistanın Azərbaycanla sərhəddə son hərbi təxribatları barədə danışarkən deyib.
Onun sözlərinə görə, hazırki reallıqda Ermənistanda müharibənin nəticələrinə müxtəlif münasibətlər olmasına rəğmən, gələcək proseslərin ssenariləşdirilməsində bir-birinə zidd olan tərəflər var:
"Xüsusilə ordu özünü əgər Paşinyanın liderliyi altında məğlub görürsə, bu gün İrəvan küçələrinə çıxan ayrı-ayrı təşkilatlar, fərdlərdən fərqli olaraq silahlı qüvvələr nəticələri təftiş etmək və onu dəyişdirmək gücündə deyil. Paşinyan belə bir dövrdə tərcümeyi-halı xeyli ziddiyətlərlə dolu olan siyasi bir fiquru sədaqət əmsalına görə ordu rəhbəri təyin edib. İlk növbədə onu qeyd etməliyik ki, Ermənistanda Paşinyanın sonuncu razılaşmalara getməsi və səhnəni tərk etmək istəyənlər var. Digər bir qisim isə Qafqazdakı proseslərdə Ermənistana ayrı rol hazırlamaq istəyir. Onların da fərqli niyyətləri var. Ayrı bir qisim isə bölgədəki dövlətlər arasında bu və ya digər formada lokal toqquşmaları ssenariləşdirir. Yeni sərhədlərin cızıldığı dövrdə ordumuzun bu tarixi prosesləri aparması qarşılığında tamamilə əks mənzərəni görürük. Ermənistanın informasiya məkanında Azərbaycanın Ermənistanın 41 km ərazilərinə keçmək niyyətində olduğu yazılır. Bəziləri qeyd edir ki, Azərbaycan Zəngəzur dəhlizini orada açacaq. Bildirilir ki, Şuşa ətrafında iki gün öncəki hansısa nəqliyat vasitəsinə və konkret şəxslərə vurulan ziyanlar da bunun tərkib hissəsidir. Ermənilər kiçik hadisələrdən böyük siyasət düzəltməkdə həmişə mahir olublar. Bütün bu planlar guya biz tərəfdən həyata keçirilir. Halbuki Azərbaycan dövləti insanımızın nəinki şəhid olması, heç burnunun belə qanamaması üçün sülh siyasəti yürüdür. Biz sülh danışıqları prosesini gerçək məcraya yönəltmək üçün addımlar atırıq. Regional və beynəlxalq maraqları təmin etməkdə də niyyətimiz məhz bu olub. Yəni belə demək olarsa, sülh davasını aparan da bizik. Proseslərin gərginləşməsini bizim mənafelərə bağlamaq çox yanlış olar”.
Deputat bildirib ki, baş verən son insident Ermənistan ordusu içində yaşanan fərqli mövqelərə, maraqlara, niyyətlərə bağlıdır:
“Əksinə Ermənistanın Türkiyə ilə tarixi düşmənçiliyin ortadan qaldırılması Vətən müharibəsindən sonrakı gerçəklikdə özünü göstərir. Azərbaycan niyə belə dövrdə hansısa ərazidə ermənilərə dərs vermək istəsin? 44 günlük savaş bizə bunun üçün yetəri qədər tarixi imkanları yaradıb. Müharibənin nəticələrinin həzm edilməməsi bizim üçün bir nömrəli məsələ deyil. Hazırki reallıqda əgər sərhədləri cəbhə xəttinə döndərmək üçün hərəkətlənmə baş verərsə və onlar İrəvanda, Zəngəzurda, Basarkeçərdə olan-qalan erməniləri də bu yolla səfərbər etmək istəsələr, bu plan işləməyəcək. Ermənistanın coğrafiyası və relyefi elədir ki, orada genişmiqyaslı hərbi əməliyyat aparmaq yararsızdır. Çünki çox kiçik miqyasdadır. Ona görə də, hesab edirəm ki, baş verən son insident Ermənistan ordusu içində yaşanan fərqli mövqelərə, maraqlara, niyyətlərə bağlıdır. Keçmiş siyasi qüvvələrin orada kifayət qədər dayaqları mövcuddur. Belə bir şəraitdə Azərbaycan dövləti həm hərbi meydanda, həm sərhəddə, həm də siyasi, diplomatik arenada öz iradəsini davam etdirəcək”.
Şəbnəm Mehdizadə