"Rusiya Azərbaycan üçün yeni və daha ciddi təhlükələr yaratmaq istəyir" - Deputatdan AÇIQLAMA

 17:14 13.01.2022     2397

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dünən yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini sərt tənqid edib. 

Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır"- deyə prezident bildirib.

Bəs görəsən, dövlət başçısının bu açıqlaması Azərbaycanın bundan sonra Laçın dəhlizinə birbaşa nəzarət etməsi üçün əsas yaradırmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Məmmədov cavablandırıb. O bildirib ki, bu, Azərbaycanın konstitusion haqqıdır:

“Ərazimizdə baş verənlər bizim nəzarətimizdə olmalıdır. Biz Qarabağda səlahiyyət sahibiyik. Rusiya sülhməramlıları sərhədçi missiyalarını yerinə yetirməli deyil. 10 noyabr sənədində onların bizim ərazilərdə heykəl qoymaq, özlərinə aid olmayan başqa işlərlə məşğul olmaq, separatçılarla əməkdaşlıq etməklə bağlı müddəalar yoxdur. Belə şeylər olmamalı idi. Sülhməramlılar Laçın dəhlizində gediş-gəlişin təhlükəsizliyini təmin etməli idi. Lakin sülhməramlılar gəldikləri gündən öz missiyalarına aid olmayan, Azərbaycan qanunlarına zidd hərəkətlərlə məşğul olmağa başladılar. İş o həddə çatdı ki, sülhməramlılar orada kilsə tikdi, rus icması yaratdı. Bunlar bizim qanunlarımıza ziddir. Prezident dünən dəqiq rəqəmlər səsləndirdi. Gedənlər və gələnlər arasında fərq məlumdur. O, qeyd etdi ki, Azərbaycan ərazisinə gəlmək istəyən ermənilər yoxlanılmır. Lakin oradan gedənlərə müxtəlif süni maneələr yaradılır ki, onlar bizim torpaqlarda qalaraq yaşasınlar. Məqsəd Qarabağdakı ermənilərin sayını artırmaqla separatçı cinayətkar qurumu gücləndirməkdir. Rusiya gələcəkdə Azərbaycan üçün yeni və daha ciddi təhlükələr yaratmaq istəyir. Bunların hamısını dövlət başçısı öz çıxışında qeyd elədi. O bildirdi ki, bütün bunlara qarşı vaxtaşırı və mütəmadi olaraq Rusiya rəhbərliyinə öz etirazımızı bildiririk. Bunların qarşısı alınmalıdır. Rusiya rəhbərliyi Azərbaycan qanunlarına zidd hərəkətlərin qarşısını almazsa, Azərbaycan məcbur olub öz qanunları çərçivəsində və öz torpağında qanunu pozanlara qarşı tədbir görəcək. Hesab edirəm ki, bu xəbərdarlıq çox ciddi idi və Rusiya rəhbərliyi nəticə çıxarmalıdır”.

Şəbnəm Mehdizadə