Türkiyədəki səfirliyimiz məlumat yaydı

 00:16 15.01.2022     1015

Azərbaycanın Türkiyədəki səfirliyi iki qardaş ölkənin diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə məlumat yayıb.

Redaktor.az-ın xəbərinə görə, məlumatda diqqətə çatdırılır ki, milli kimlik, din və dil ortaqlığının təməlində dayanan Azərbaycan-Türkiyə əlaqələri əsrlərə söykənir.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” fəlsəfəsinin xatırlandığı açıqlamada diqqətə çatdırılır ki, Azərbaycanın qəhrəman övladları Çanaqqala zəfəri naminə, Qafqaz İslam Ordusunun hərbçiləri isə Azərbaycanın müstəqilliyi yolunda canlarından keçməklə iki doğma xalqın qardaşlığını daha da möhkəmləndiriblər.

Açıqlamada həmçinin diplomatik münasibətlərimizin tarixi, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, torpaqlarımızın azad edilməsi istiqamətində aparılan 44 günlük Vətən müharibəsi, Azərbaycanın haqq işinin dəstəklənməsində Türkiyənin sərgilədiyi qətiyyətli mövqe, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixində imzaladıqları Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə toxunulur.