Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik edə bilər - Deputatdan AÇIQLAMA

 17:38 19.01.2022     830

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı son vaxtlar Rusiya-ABŞ arasında təmasları, Ukrayna ətrafında gedən prosesləri də müzakirə ediblər.

Maraqlıdır, Azərbaycan Rusiya-Ukrayna, eləcə də Rusiya-ABŞ arasında yaranmış gərginliyin aradan qaldırılması üçün vasitəçilik edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Bakı-Kiyev münasibətləri strateji xarakter kəsb edir:

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında regional təhlükəsizlik məsələləri, Rusiya-ABŞ, Rusiya-Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi edilib. Bu fikir mübadiləsi özlüyündə bir daha onu göstərir ki, Azərbaycan bu gün dünya siyasətində çox fəal bir aktordur. İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan böyük dövlət olmasa belə, sözünün mənası və çəkisi böyükdür. Ona görə də Rusiya Prezidenti Vladimir Putin beynəlxalq münasibətlər kontekstində sözünün məna və çəkisi böyük olan Azərbaycanın mövqeyini bilmək istəyir. Azərbaycanın bu proseslərdə davranışı və proseslərin müsbət istiqamətə cərəyan etməsinə dəstəyi ilə bağlı məsələləri öyrənmək istəyir. Azərbaycan prezidentinin yeritdiyi müstəqil siyasət kursu nəticəsində Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə çevrilib. Eyni zamanda, həmin siyasətin nəticəsində Azərbaycan-Rusiya münasibətləri də mehriban qonşuluq və strateji tərəfdaşlıq səviyyəsindədir. Həmçinin,  Azərbaycan Prezidentinin Ukraynaya son səfəri bir daha nümayiş etdirdi ki, Bakı-Kiyev münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür”.

Deputat bildirib ki, Azərbaycanın vasitəçiliklə bağlı təcrübəsi və potensialı var:

“Deməli unikal bir vəziyyət əmələ gəlib. Azərbaycanın həm ABŞ, həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərinin olması və belə bir vəziyyətdə Azərbaycanın yaranmış gərginlik ocaqlarının söndürülməsində vasitəçi qismində çıxış etməsi imkanlarını qabardır. Yeri gəlmişkən, Azərbaycanın bu sahədə yaxşı təcrübəsi də var. Türkiyə-Rusiya münasibətlərinin ən gərgin çağında Ankara-Moskva münasibətlərinin tənzimlənməsində Azərbaycanın müstəsna xidmətləri olub. Bunu rəsmi Ankara və rəsmi Moskva dəfələrlə təsdiq edib. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycan bu reallıqlar kontekstində Moskva-Vaşinqton və Moskva-Kiyev münasibətləri ilə bağlı yaranmış gərginlik elementlərinin müsbət məcraya düşməsinə dəstək verə bilər. Bunun üçün potensial da, təcrübə də var. Azərbaycan beynəlxalq və regional təhlükəsizliyə böyük töhfələr vermiş dövlətdir. Hesab edirəm ki, Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə telefon danışığında məhz bu potensialı nəzərə alınıb və haqqında qeyd edilən məsələlər dilə gətirilib. Azərbaycanın bu məsələyə töhfəsi ilə bağlı imkanlar müzakirə edilib”.

Şəbnəm Mehdizadə