Gürcüstanın maliyyə naziri Azərbaycan səfirini qəbul etdi

 20:01 20.01.2022     226

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında gömrük sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Maliyyə naziri Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi, tranzit və nəqliyyat sahələrində həm ikitərəfli, həm də çoxtərəfli formatda tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 2021-ci ilin yayında Gürcüstan, Azərbaycan və Türkiyə arasında yaradılmış Üçtərəfli Gömrük Komitəsi ölkələr arasında gömrük sahəsinə dair yüksək səviyyəli məsələlərin əlaqələndirilməsi üçün unikal imkandır.

Nazir qeyd edib ki, gömrük idarələri arasında aktiv kommunikasiya regionda rəqabətədavamlı tranzit dəhlizinin yaradılması və ticarətin asanlaşdırılması baxımından mühüm önəm daşıyır.

Görüş zamanı tərəflər pandemiya şəraitində sərnişinlərin və yüklərin maneəsiz hərəkətini təmin edən prosedurlara da toxunublar.

Səfir Faiq Quliyev qeyd edib ki, Azərbaycan Gürcüstanın gömrük idarələri ilə səmərəli əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

Onun sözlərinə görə, Azərbaycan ötən il imzalanmış “İpək Yolu” yeni birgə gömrük-keçid məntəqəsinin tikintisini tam dəstəkləyir .

Görüşün sonunda Azərbaycan səfiri Gürcüstanın maliyyə naziri Laşa Xutsişvilini Azərbaycana işgüzar səfərə dəvət edib.