"Rusiya çox həyasızlaşıb" - Politoloq
"Rusiya və Ukrayna arasında müharibənin başlama ehtimalı getdikcə daha da artır".
Bunu Redaktor.az-a politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin srağagünkü çıxışından sonra belə görünür ki, vəziyyət yaxşı deyil:
"Rusiya imperiya ideyalarından əl çəkmək istəmir. Qərb dövlətləri və ABŞ da Rusiyanın üstünə gəlir. Əslində Rusiyanın daxili problemləri çox böyükdür. Korrupsiya Rusiyanı dövlət kimi məhv edib. Bu qədər sərvəti olan bir dövlətin əhalisi acından ölür. Adətən ciddi problemləri olan dövlət ölkə daxilində münaqişədən yayınmaq üçün müharibəyə qaçır. Görünən odur ki, Putin müharibə istəyir. Putin elə fikirləşir ki, Ukrayna ilə müharibə Gürcüstandakı kimi olacaq. Amma bu elə deyil. Ukraynanın hərbi elitası çox güclüdür. Digər tərfədən Rusiyanın hərbi elitasının tərkibində ukrayna mənşəlilər çoxdur. Bundan başqa Ukraynanın arxasında çox güclü dövlətlər dayanır. Rusiyanın çökməsi bu dövlətlərin marağındadır. Çünki bu müharibə Rusiyanın çöküşü olacaq. Yeni dünya düzənində ABŞ və Qərb öz mövqeyini bərpa etməli, ya da dünyanı yenidən bölüşdürdükdən sonra Çin və Rusiyanı ortaq olaraq qəbul etməlidir. Reallıq hazırda belədir. ABŞ-ın buna gedəcəyinə inanmıram. Çünki ABŞ-ı idarə edən elita silah satmaq üçün hər şeyə razıdır. Çünki uzun müddətdir silah satışı dayanıb. Rusiyanın qarşısını başqa cür almaq isə mümkün deyil. Çünki Rusiya çox həyasızlaşıb. Ona görə də müharibə ehtimalı günü-gündən artır. Fevralın ilk on günlüyündə müharibənin başlama ehtimalı çox yüksəkdir”.
Politoloq bildirib ki, müharibə olsa belə, nüvə müharibəsi olmayacaq:
“Çünki hər iki tərəf çox gözəl başa düşür ki, nüvə müharibəsi olarsa, ən azı iki-üç dövlətin tamamilə sonu olacaq. Bir neçə dövlət isə bundan uzun müddət əziyyət çəkəcək. Bu, bir qədər inandırıcı görünmür”.
Şəbnəm Mehdizadə












