"Armen Sarkisyan prezident seçiləndə bilirdi ki..." - Hikmət Məmmədov
"Yeni reallıqlarda Ermənistanda institutsional və siyasi sistemdə böhranların yaranacağı bəlli idi".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Məmmədov Ermənistan Prezidenti Armen Sarkisyanın istefasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, baş verən hadisə Ermənistanın daxilindəki dövlət qurumlarında yaranan bir siyasi böhranın göstəricisidir:
"Armen Sarkisyan istefasına səbəb olaraq prezident kimi ölkədə baş verən hadisələrə müdaxilə imkanının məhdud olması və ya olmaması ilə əlaqələndirir. Əslində dörd il əvvəl də belə idi. Armen Sarkisyan prezident seçiləndə bilirdi ki, prezidentin hansı səlahiyyətləri və vəzifələri var. Əgər belədirsə, əvvəlcədən bu vəzifəni qəbul etməzdi və bu vəzifəyə seçilmək üçün namizədliyini irəli sürməzdi. Dörd ildən sonra bu hadisənin baş verməsi ondan irəli gəlir ki, Ermənistanda daixli siyasətə və Ermənistanın gələcəyi ilə bağlı hadisələrə artıq fərqli rakursdan baxmağa çalışırlar. Qərarlar da məhz bu konteksdə qəbul edilir. Fərqli rakurs dediyimiz isə Azərbaycanın yaratdığı yeni reallıqdır. Bu reallığın Ermənistan tərəfindən bir gerçəklik kimi qəbul edilməsinə və eyni zamanda, onun dəyişməz və qalıcı olmasının qəbul edilməsidir. Hesab edirəm ki, məsələni məhz bu cür qiymətləndirmək lazımdır”.
Deputat əlavə edib ki, bu istefa daxili münasibətlərdə ciddi qarşıdurmaya səbəb olacaq hadisə deyil.
“Ermənistanın daxili məsələlərinə gəldikdə isə məlumdur ki, Ermənistanda çoxsaylı istefalar, müxtəlif məxfi orqanlarda işdən azad edilmələr çox olub. Lakin bu vəzifələrin heç biri boş qalmayıb. Əlbəttə ki, yeni namizəd həmişə tapılıb. Yəqin ki, tezliklə yeni prezident də seçiləcək. Lakin dəyişməyən bir həqiqət var ki, o da Azərbaycanın yaratdığı yeni reallıqdır. Bu reallıq erməni faşizminin üzərində qələbəsi və Ermənistanda yaratdığı güclü zəlzələ deməkdir. Ermənilər dərk etməlidir ki, kiminlə qonşudur və heç bir hüquqa və ədalətə əsaslanmadan bu qonşu ilə necə gəldi rəftar edə bilməz. Bütün hallarda hesab edirəm ki, bu istefa daxili münasibətlərdə ciddi qarşıdurmaya səbəb olacaq hadisə deyil. Armen Sarkisyan onsuz da baş verən hadisələrdə kifayət qədər passiv iştirak edirdi. Bu istefa özünün də etiraf etdiyi kimi konstitutsiya ilə Ermənistan prezidentinə verilən səlahiyyət və vəzifələrlə əlaqələndirilməlidir”, - deyə Hikmət Məmmədov bildirib.
Şəbnəm Mehdizadə












