"Qərbin sürüşkən mövqeyi Rusiyanın meydan sulamasına yaşıl işıq olub" - Politoloq

 17:44 26.01.2022     505

Xəbər verdiyimiz kimi,  Xorvatiya Prezidenti Zoran Milanoviç açıqlamasında Ukrayna ilə Rusiya arasındakı münaqişənin alovlanacağı təqdirdə NATO-nun tərkibində xorvat ordusunun bütün üzvlərini geri çəkəcəyini deyib. Bunun ardınca Böyük Britaniyanın Baş naziri Boris Conson heç bir NATO üzvünün Ukraynaya qoşun göndərməyə hazır olmadığını bildirib. 

Sual yaranır ki, NATO Rusiya-Ukrayna gərginliyi fonunda Ukraynaya dəstək olarsa və bu zaman Xorvatiya və digər üzv ölkələr Ukraynaya hərbi dəstək verməkdən imtina edərlərsə, həmin ölkələr alyansın tərkibindən çıxarıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirdi ki, bəzi ölkələr Rusiya ilə danışıqlar xəttinin tərəfdarıdır:

“Bu ziddiyyətlər Avropa ölkələrinin Rusiya ilə ikili əlaqələri ilə daha çox bağlıdır. Yəni buna səbəb daha çox qaz və enerji məsələləridir ki, Avropa dövlətləri bundan çox asılıdır və qışın da bir az soyuq gəlməsi onları xeyli dərəcədə qorxudur. Üstəlik də bəzi ölkələr yalnız Almaniyanın nümunəsinə söykənərək Rusiya ilə danışıqlar xəttini müdafiə edirlər. Almaniya isə Avropada Amerikanın təsir dairəsinin genişlənməsini istəmir. Özü Avropada liderliyə can atır. Amma Almaniya dönüb keçmişə baxsa görər ki, keçmişdə onları Rusiyanın - Sovet İttifaqının caynağından Amerika qurtarıb. İndi isə Avropa ölkələri içərisində yaranan tərəddüdləri həm də Amerika-Rusiya danışıqları müəyyən qədər alovlandırdı. Bir də ki, Cenevrədə xarici işlər nazirləri səviyyəsində keçən görüşdə Amerika təhlükəsizliklə bağlı Rusiyaya müəyyən təminatlar verdi və bunu yazılı şəkildə Blinken Lavrova təqdim etdi. Hələ ki bu, təhlükəsizliklə bağlı Amerikanın verdiyi qarantiyanın tam məzmunu olmasa da, bundan sonra Rusiyanın müəyyən qədər sakitləşdiyi nəzərə çarpmağa başladı ki, müharibə istəməyən Avropa dövlətləri də bu vəziyyətdən istifadə edərək Ukraynaya qoşun yeridilməməsi haqqında tezisi müdafiə etməyə başladılar. Onu da deyim ki, əvvəl tam qəti və birmənalı idi. Sakitləşmə prosesi Amerika və Rusiya arasındakı müəyyən razılaşmanın əldə edilməsi ilə baş verir".

Politoloq qeyd etdi ki, bu, Avropa ölkələri içərisində bir sindromdur və əsasən slavyan əsilli ölkələr arasında özünü daha çox göstərir.

"Burada Rusiyanın barmağı olmadığını söyləmək mümkün deyil. Amma Rusiyanın Ukraynaya qarşı təcavüzü, indiyə kimi Ukraynaya qarşı etdiyi hərəkətlər, Gürcüstana qarşı etdiyi hərəkətlər, Qazaxıstandakı hərəkətlər bu gün Rusiyanı 30-cu illərin faşist liderləri tipində canlandırmağa imkan verir. Xorvatiya və digər ölkələrin həmin hadisələrə, faktlara lazımi obyektiv qiymət verməməsi onsuz da hərbi qoşunlarının NATO-nun gələcək əməliyyatlarında ciddi rol oynamayacağı hər kəsə bəllidir. Amma hər halda zənnimcə, bu gün Rusiyanı dayandırmaq, onu yerində oturtmaq, ümumi hamını yeni bir qorxunc taundan xilas etmək və eyni zamanda, dünyadakı qüvvələr nisbətini güclü dağıdıcı qüvvələrin hesabına dəyişməsinə imkan verməmək deməkdir”, - deyə politoloq vurğuladı.

Q.Hüseynli Boris Consonun dünən verdiyi açıqlamasına münasibət bildirdi:

“Boris Conson dünənə qədər Ukraynaya silah göndərirdi və Rusiyanı təhdid edirdi. Rusiyanı təhdid edən ölkələr içərisində ən öndə gedən ölkə idi. Bu baş verənlər, onların həmdəmxəyal olması, adamda təəccüb doğurur. Onlar Ukraynanı Rusiyanın pəncəsinə verməyəcəklər. Zənnimcə, hər halda Qərbin başında Rusiya ilə bağlı müəyyən fikirlər var ki, onların reallaşdıırlması istiqamətində manevrlər edirlər. İlk növbədə bu, elə Böyük Britaniyaya, Amerikaya aiddir”.

Politoloq NATO ölkəsi olan Türkiyənin Rusiya-Ukrayna müharibəsi başlayacağı təqdirdə hansı mövqe tutacağı ilə bağlı sualımızı da cavablandırdı.

“Şübhəsiz ki, Türkiyə Ukraynanın mövqeyini tutacaq. Türkiyə Rusiya ilə münasibətləri qoruyub saxlayır və məsələnin dinc müstəvidə həll edilməsinə çalışır. Bu dinc müstəvi də ədalətli yanaşma deməkdir. Yəni Rusiyanın təcavüzünü cilovlamağa cəhd edir və bu istiqamətdə siyasi güzəştləri ön plana çəkir. Amma Rusiya hədəqəsindən çıxmış bir ölkədir. Amma daha çox şantajla və qarşı tərəfə müəyyən təzyiqlərlə məşğul olan bir ölkədir. Sadəcə olaraq təkcə bu gün deyil, keçmişdə də Qərbin belə sürüşkən mövqeyi Rusiyanın meydan sulamasına yaşıl işıq olub. Bu gün belə olmasa da, belə olması ehtimalı az deyil”.

Nuranə Tofiqli

Vumart və Güvən reklamı Vumart Güvən